koronavirus-hansi-sertlerde-suretle-yayilir-arasdirma

Koronavirus hansı şərtlərdə sürətlə yayılır? - ARAŞDIRMA

Yoluxucu xəstəliyə səbəb olan SARS-CoV-2 virusu tropik iqlimi olmayan bölgələrdə deyil, sərin, quru iqlimi olan regionlarda daha sürətlə yayılır.

UPI agentliyi bu xəbəri beynəlxalq alimlər qrupunun rəyinə istinadla verib.

Alimlər dünyanın 50 şəhərində virusun yayılması ilə əlaqədar vəziyyəti - həm virusun geniş yayıldığı, həm də cəmi bir neçə yoluxma halının müşahidə olunduğu yerləri araşdırıblar. Sonra çox sayda yoluxma hadisəsi olan şəhərlərin - Uhan (Çin), Tokio (Yaponiya), Tequ (Cənubi Koreya), Qum (İran), Milan (İtaliya), Paris (Fransa), Sietl (USA) və Madridin (İspaniya) nəticələrini 42 başqa şəhərin məlumatları ilə müqayisə ediblər.

Məlum olub ki, çox sayda koronavirus xəstəsi olan şəhərlər 30-50 dərəcə şimal enində yerləşir. Virusun ən çox yayıldığı dövrdə bu regiondakı temperatur +5...+10 dərəcə, rütubət isə 44-84% olub.

Tədqiqatçılar SARS-CoV-2-nin daha yüksək temperatur və rütubət şəraitində az yayılması qənaətinə gəliblər.

Qeyd edilir ki, iqlim dəyişikliyinin tədqiqi epidemiyanın baş verə biləcək yerlərinin proqnozlaşdırılmasında istifadə oluna bilər. Gələcək epidemioloji modelləri hazırlayarkən, bu amil nəzərə alınmalıdır. İrəli sürülən fərziyyəni sınamaq üçün iqlim dəyişikliyini simulyasiya etməyin mümkün olduğu laboratoriyalarda araşdırmaların zəruriliyi vurğulanıb.

Oxu.Az