Yeni növ koronavirus (COVID-19) pandemiyası nəhəng neft şirkətləri olan BP, "Chevron", "Exxon Mobil", "Royal Dutch Shell"i son 17 ilin ən kəskin hasilat azalmasına getməyə məcbur edir.
İnsider.az xəbər verir ki, sözügedən şirkətlər gələcək həftələrdə İraqdan ABŞ-a qədər olan yataqlarda hasilatı kəskin azaltmaq planlarını açıqlayıb. BP şirkəti ABŞ-da şist neft hasilatını 2020-ci ildə gündəlik 70 min barel neft ekvivalentində azaldacağını və bunun 2019-cu ildəki hasilatdan təxminən 14% az olduğunu bildirib.
"Exxon Mobil" və "Royal Dutch Shell" şirkətləri də neft qiymətlərinin kəskin enməsinə cavab olaraq gündəlik hasilatı azaldacaqlarını təsdiqləyib.
Xatırladaq ki, bu ilin aprel ayında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel, iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.
APA