Son günlər sutka ərzində koronavirusa yoluxma hallarında nisbətən artım müşahidə edilir. Paralel olaraq mövsümi respirator virusların da canlanması əhali arasında narahatlığa səbəb olub. İnsanlar hər asqıran, hərarəti olan insanları və öskürəklə müşahidə edilən virusu koronavirusun bir növü zənn etməyə başlayıblar.
Yayılma sürəti kifayət qədər yüksək olan infeksion xəstəliyi COVID-19-un “Omikron” ştammının yeni altnövü EG.5 kimi adlandırırlar.
Bəs bu yeni ştammın hansı təhlükəsi var? Ölüm riski əvvəlki ştamlarla müqayisədə yüksəkdirmi? İnsanların orqanizmində koronavirusun həmin növünə qarşı immunitet varmı? Vaksinasiya bu virusa yoluxmaqdan müdafiə edəcəkmi?
Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyir ki, bu ştammın yoluxuculuq qabiliyyəti, təəssüf ki, yüksəkdir:
“Virus mutasiya etdiyinə görə EG.5 sürətli yoluxma qabiliyyətinə malikdir. Əlamətləri yüngül qrip əlamətlərini xatırladıq. Yəni boğaz ağrısı, öskürək, əzələ ağrısı, burun axıntısı və s. bu əlamətlərə aiddir. Azərbaycanda koronavirusun EG.5 alttipinin olması barədə rəsmi məlumat hələ ki yoxdur. Məhz bu səbəbdən də bu cür əlamətləri olan xəstələrdə qoruma üsulu bütün respirator viruslarla eynilik təşkil edir”.
Həkimin sözlərinə görə, gündəlik gigiyena qaydalarına riayət etmək çox önəmlidir:
“Riayət olunması vacib qaydalar - əllərin yuyulması, dezinfeksiya məhsullarından istifadə, gigiyena qaydalarına riayət olunması, ictimai yerlərdə, insanların sıx toplaşdığı məkanlarda ara məsafəsini gözləməkdir. Eləcə də, xəstə insanların mümkün qədər ev şəraitində müalicə almasını təmin etməkdir. Eyni zamanda, çölə çıxanda tibbi maskadan istifadə virusun yayılmasının qarşısını alır. Hətta həkim müayinəsindən sonra ehtiyac olarsa, xəstəxanaya yatış həyata keçirilə bilər. Qabaqlayıcı tədbir kimi yuxarıda sadalanan qaydalara ciddi şəkildə riayət olunmalıdır”.
Oxu.Az