korrupsiyaya-qarsi-beynelxalq-mubarize-gunudur

Korrupsiyaya qarşı Beynəlxalq Mübarizə Günüdür

BMT-nin təşəbbüsü ilə dekabrın 9-da Korrupsiyaya Qarşı Beynəlxalq Mübarizə Günü qeyd edilir.

2003-cü il dekabrın 9-da Meksikanın Merida şəhərində keçirilən Yüksək Səviyyəli Siyasi Konfransda 2003-cü il noyabrın 1-də BMT Baş Məclisi tərəfindən qəbul edilmiş BMT-nin Korrupsiya Əleyhinə Konvensiyası imzalanmaq üçün açıq elan edilib.

Bu sənədi imzalayan dövlətlər rüşvətləri, büdcə vəsaitlərinin oğurlanmasını və korrupsiya yolu ilə əldə edilmiş gəlirlərin təmizə çıxarılmasını cinayət elan etməyə borcludurlar. Konvensiyanın müddəalarından birinə görə vəsaitlər korrupsiya nəticəsində hansı ölkədən daxil olmuşdursa, həmin ölkəyə qaytarılmalıdır.

2003-cü il Konvensiyası bu qəbildən ilk sənəddir. Konvensiya bütün strukturların korrupsiyaya qurşanmasını milli rifaha ziyan vurduğu ölkələr üçün xüsusilə əhəmiyyətlidir.

BMT baş katibinin xüsusi nümayəndəsi Hans Korella korrupsiyaya qarşı beynəlxalq mübarizə gününün təsis olunması haqda qərarı elan edərək həmin konfransda toplaşmış 100-dən çox ölkənin nümayəndələrini konvensiyanı imzalamağa çağırıb.

Bu sənəd “Ölkələrin inkişafına ziyan vuran, demokratiya və hüquqi dövlət rejimi üçün təhlükə mənbəyi olan” korrupsiyaya qarşı mübarizədə beynəlxalq hüququn mühüm vasitəsinə çevrilməlidir.

Bu gün dünyanın bir sıra ölkələrində korrupsiyaya qarşı beynəlxalq mübarizə gününə həsr edilmiş nümayişlər, görüşlər, konfranslar, seminarlar və başqa tədbirlər keçirilir.