kredit-faizleri-endirilecek-aciqlama

Kredit faizləri endiriləcək? - AÇIQLAMA

Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycanda hüquqi şəxslərə verilən kreditlərin 11%-dən başladığını söyləyib və bildirib ki, bu sahədə 20% həddi yoxdur.

Kredit faizlərinin yüksək olması barədə iddialara cavab verən AMB sədri bildirib ki, istehlak kreditləri üçün bu göstərici 16,1%-dir:

“Mən də başa düşürəm ki, yüksək faizlərlə çətindir. Amma gəlirlər də yüksək deyil. Biz faizləri aşağı salmaq üçün depozitləri aşağı salmalıyıq. Amma etiraf edək, 4-5%-lə banka depozit qoyan olacaqmı? Biz depozit faizlərini aşağı salsaq, camaat depozitini banka gətirməyəcək. Mən Azərbaycanda bank kreditlərinin faizinin 20-25% olmasını görməmişəm. Ola bilsin ki, belə faiz göstəricisi mikrokreditlərdə olsun”.

Taleh Kazımovun bu sözlərini təhlil edən bank sektoru üzrə hüquqşünas Əkrəm Həsənov Bizim.Media saytına açıqlamasında Mərkəzi Bankın uçot dərəcəsini, məcburi ehtiyat normasını və özündə saxlanılan vəsaitin həcmini tez-tez qaldırdığını diqqətə çatdırıb:

“Bu da banklar üçün pulları daha baha edir. AMB bununla digər bankları da faizləri artırmağa məcbur edir. Belə aydın olur ki, qurum özü faiz dərəcələrinin artırılmasına şərait yaradır. Bu da səbəbsiz deyil, çünki bununla inflyasiyaya qarşı mübarizə aparırlar. Yəni kreditlər baha olsun ki, az kreditlər götürülsün və iqtisadi aktivlik azalsın.

Düzdür, bu, ölkəmizdə elə də çox işləmir. Dünən Taleh Kazımov da bu faktı etiraf etdi. Çünki ölkədəki mal və məhsulların çoxu idxaldır, yəni xaricdən gəlir.

Bazar iqtisadiyyatı normal olan, özü-özünü qismən təmin edən iqtisadiyyatlarda kredit bahalaşarsa, bu, yerli məhsullara da təsir edir. Ancaq bizdə bunların heç bir təsiri yoxdur. Bu da Mərkəzi Bankın kreditlərin bahalaşması üçün həyata keçirdiyi bir siyasətidir. Onun göstəriciləri, bir qayda olaraq, orta statistik xarakter daşıyır”. 

Dünənki iclasda iştirak etdiyini deyən hüquqşünas Mərkəzi Bankın nəyə görə daim uçot dərəcəsini artırması ilə bağlı Taleh Kazımova sual verib:

“Qeyd etdim ki, bir tərəfdən, kredit faizlərini artırırsınız, digər tərəfdən də Milli Məclis qanuna dəyişikliklər edəcək və göstərəcək ki, AMB-nin funksiyalarından biri də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlıdır. Belə olan halda, bu hüquqları necə müdafiə edəcəksiniz? O isə cavabında bunun istehlakçılara heç bir təsirinin olmadığı söylədi. Bildirdi ki, bu, istehlakçılarının hüquqlarının pozulması deyil. Əksinə, bazarda hansı faiz götürülürsə, o da yerində qalır. Ancaq mən bu fikirlə razılaşmıram. Söhbət ondan gedir ki, Mərkəzi Bank faizlərə təsir edə bilir”. 

Bu qurumun əsas vəzifəsinin ölkədə maliyyə sabitliyinin təmin olunması ilə bağlı olduğunu söyləyən ekspertin dediyinə görə, bunu da inflyasiyanın qarşısını almaqla əldə etməklə olar:

“Bunun əksini biz Türkiyədə müşahidə edirik. Mərkəzi Bank faizləri ona görə qaldırmır ki, iqtisadiyyat aktiv, kredit isə ucuz olsun. Bu da həm inflyasiyanı, həm də milli valyutanın devalvasiyasını şərtləndirir. Azərbaycanda isə Mərkəzi Bankın siyasəti belədir: Milli valyutanın məzənnəsi yüksəlsin və qiymət artımı baş versin.

İqtisadi aktivlik, kredit faizlərinin düşməsi onun üçün bir nömrəli məsələdir. Bunun nə qədər pis, ya yaxşı olduğunu hər kəs qiymətləndirə bilər. Belə bir fikir var ki, əmanətlər üzrə faizlər aşağı salınsa, hamı bundan istifadə edəcək. Amma mən bununla razı deyiləm. Hamı əmanətlərini çıxara bilməyəcək. Ola bilər ki, bir qisim insan bunu çıxarsın.

Amma insanları inandırmaq lazımdır ki, banklarda əmanətlər üzrə faiz yüksək olmamalıdır. Dünənki iclasda nəyə görə AMB-nin bütün banklara bərabər hüquqları vermədiyi barədə də məsələ qaldırıldı. Taleh Kazımov isə cavabında sədr təyin edildikdən sonra bütün banklara bərabərhüquqlu kreditlərin verildiyini bildirdi.

Həmin iclasda bank olmayan kredit təşkilatlarına bu kreditlərin verilmədiyini və qanunla onların da bundan istifadə etmək hüquqlarının olduğunu bildirdim. Onların da ucuz pulu olmalıdır ki, çoxlu kredit verə bilsinlər. Belə görünür ki, yaxın gələcəkdə faizlərin endirilməsi ehtimalı yoxdur”.