Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ regionundan çıxarılmasına başlanıldığını təsdiq edib.
O, bunu Rusiya KİV-lərinin sualını cavablandırarkən deyib.
“Bəli, bu, belədir”, - deyə Peskov vurğulayıb.
Qeyd edək ki, Rusiya sülhməramlıları Azərbaycan, Ermənistan və Rusiya liderləri - İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin arasında 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat əsasında Qarabağda yerləşdiriliblər. Sənədə əsasən, onlar 2025-ci ilə qədər bölgədə qala bilərlər.
Kontingentə atıcı silahlarla təchiz edilmiş 1960 hərbi qulluqçu, 90 zirehli nəqliyyat vasitəsi, 380 ədəd avtomobil və xüsusi texnika daxil idi.