kristin-laqard-ticaret-muharibesinde-qalib-olmur

Kristin Laqard: Ticarət müharibəsində qalib olmur

"ABŞ ilə Çin arasındakı ticarət müharibəsində qalib ola bilməz".

İnsider.az xəbər verir ki, bunu XII Astana İqtisadi Forumu çərçivəsində keçirilən mətbuat konfransında Beynəlxalq Valyuta Fondunun (İMF) direktoru Kristin Laqard deyib.

“Hər bir ticarət müharibəsi həm iştirakçı tərəflər, həm də iştirak etməyənlər üçün fəsadlar törədir. Yəni bu müharibə birbaşa və dolayı təsir göstərir, çaşqınlıq yaradır. Ticarət müharibəsi nəticəsində iqtisadi oyunçular, özəl sektor təmsilçiləri tədarük marşrutlarını dəyişdirə bilər”, – İMF rəhbəri bildirib.

K.Laqard ABŞ və Çin arasındakı gərginliyin səngiməyəcəyi qənaətindədir: “Ticarət qarşıdurması çox güman davam edəcək, hərçənd bunun əksini istərdik. Ticarət müharibəsində qalib ola bilməz, yalnız məğlublar olur. Amma bu vəziyyəti hər iki tərəfin mənfəətinə həll etmək mümkündür”, – İMF rəhbəri vurğulayıb.

Forumda nitq söyləyən Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev sanksiyalar məsələsinin müzakirəsi məkanı kimi paytaxt Nur-Sultanı təklif edib.

“Səmərəsiz sanksiyalar əvəzinə ABŞ, Çin, Rusiya, Avropa İttifaqı arasında açıq dialoq başlanmalıdır. Bu səpgidə həmin ölkələrin rəhbərləri ilə söhbətlərim olub, anlayış göstərirlər. Belə bir dialoq üçün paytaxtımızı məkan kimi təklif etməyə hazırıq”, –  N.Nazarbayev söyləyib.

Kristin Laqard da sanksiyalarla bağlı gərginliyi azaltmağa yönələn bu təklifi dəstəkləyib: “Mövcud gərginliyin səngiyəcəyinə, sizin vasitəçiliyinizin də buna yardım olacağına inanırıq”, – İMF başçısı qazaxıstanlı liderə müraciət edərək bildirib.

© Report