kulek-enerjisine-qoyulan-investisiyalar-1-trilyon-dollara-catacaq

Külək enerjisinə qoyulan investisiyalar 1 trilyon dollara çatacaq

Dəniz külək enerjisi qlobal quraşdırılmış gücünün 2040-cı ildə 560 qiqavata qədər artması və sektora qoyulan investisiyaların trilyon dollara çatması gözlənilir.

İnsider.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) "Offshore külək enerjisi görüntüsü 2019" hesabatında məlumat verilib.

Məlumata görə, mövcud “offshore” külək enerji qurğularının 80%-nə sahib olan Avropa, inkişafın mərkəzi olmağa davam edəcək. Avropada 2018-ci ildə 20 qiqavat gücündə olan dəniz külək enerjisi gücü 2040-cı ildə 130 qiqavata çatacaq.

Digər tərəfdən, Avropa "sıfır karbon" hədəflərinə çata bilsə, quraşdırılmış külək gücünü 2040-cı ilə qədər 180 qiqavata qədər artıra biləcək.

Hazırda quraşdırılmış külək enerjisində 4 qiqavat gücə sahib olan Çin, 2040-cı ildə bu rəqəmi 110 qiqavata çatdıraraq, Avropa ilə birlikdə dünya külək enerjisinin 60%-nə sahib olacaqlar. Onları ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələr izləyəcək.

Xatırladaq ki, “offshore” külək enerjisinin hazırda 0,3%-ni təşkil edən qlobal elektrik istehsalındakı payı 2040-cı ildə 3%-ə çatacaq.