Lerik rayonunda dəniz səviyyəsindən 2117 metr yüksəkdə yerləşən Orand kəndində yeni məktəbin tikintisi yekunlaşmaq üzrədir.
İnsider.az xəbər verir ki, ümumilikdə son 15 ildə rayonda 58 məktəb tikilib, 22-si isə əsaslı təmir olunub.
Üç mərtəbədən ibarət 180 şagird yerlik Orand kənd məktəbi üçün yeni binanın tikintisinə keçən ilin oktyabrından başlanılıb. Məktəb binasının hörgü işləri tamamlanıb. Elektrik xətləri çəkilib, santexnika işləri görülüb. Hazırda binanın daxilində suvaq işləri aparılır, döşəmə vurulur, pəncərələr qoyulur.
Rayonda Oranddan başqa daha üç orta məktəbin - hər biri 180 yerlik olan Siyov, Boykəndil, Əvilə kənd məktəbləri üçün yeni binaların inşası, 13 modul tipli məktəbin quraşdırılması davam etdirilir.
Qeyd edək ki, Orand, Siyov və Əvilə kənd məktəbləri, eləcə də 10 modul tipli məktəb Bilik günündə müəllim və şagirdlərin istifadəsinə veriləcək.
© Oxu.az