"Facebook"un yaradıcılarından Kris Xyuz (Chris Hughes) "Financial Times"da köşə yazısında sosial media nəhəngi tərəfindən bu həftə təqdim edilən və gələn ilə bazara çıxarılması nəzərdə tutulan kriptovalyuta "Libra"dan bəhs edib.
İnsider.az-ın məlumatına görə, Xyuz qeyd edib ki, artıq pulu mərkəzi banklar deyil, böyük şirkətlər idarə edəcəklər.
"Facebook"un qurucu ortağı "Libra"nın digər kriptovalyutalardan fərqli olduğunu, digər pul vahidlərinə sabitlənmiş bir "stablecoin" olduğunu qeyd edib.
"Libra"nın nəzarəti mərkəzi banklardan Visa, Uber və Vodafone kimi özəl şirkətlərə təhvil verəcəyini qeyd edən Xyuz dollar və avroya sabitlənmiş yeni kriptovalyutanın qeyri-sabit milli valyutaları zəiflədə biləcəyini vurğulayıb.
O, tənzimləyici qurumları sürətli bir şəkildə hərəkətə keçməyə və "Libra"nın dağıdıcı gücünü ciddi qəbul etməyə çağırıb.
"Facebook"dan verilən açıqlamaya görə, 2020-ci ildə bazara çıxarılacaq kriptovalyutanın "Libra" adlandırılacağı, Mastercard və Visa kimi ödəmə sistemləri tərəfindən dəstəklənəcəyi bildirilib.
Açıqlamada “Facebook”un kripto pul vahidinə əlavə "Calibra" adı verilən bir rəqəmsal kisə yaradacağı, platformanın istifadəçilərinin öz aralarında mesajlaşma kimi "Libra" transferi edə biləcəyi qeyd edilib.
Açıqlamada Facebook istifadəçilərinin təqdim olunacaq yeni xidmətlə qənaət, xərc və pul transferi edə bilmələrinin hədəfləndiyi vurğulanıb.
“Facebook”un açıqlamasında kriptovalyutanın və rəqəmsal kisənin “Facebook Messenger”, “Whatsapp”, ya da "Calibra"nın öz cib telefonu üçün proqramı üzərindən istifadə edilməsinin mümkün olacağı bildirilib.
©"Marja"