Sakit okeanın şimalında 5 ada və 1152 çox kiçik torpaq parçasından ibarət olan Marşall adalarında radiasiyanın səviyyəsi Çernobıl və Fukusimadan yüksəkdir.
İnsider.az CNN telekanalına istinadla xəbər verir ki, bunun səbəbi ABŞ-ın “soyuq müharibə” dövründə bu torpaqlarda çoxlu atom bombası sınaqları keçirməsidir. Belə ki, 1946-1958-ci illərdə Birləşmiş Ştatlar bu kiçik adalarda 67 nüvə sınağı keçirib. Tədqiqatlar göstərib ki, yüksək radiasiya insanların bir çoxunda xərçəng və digər xəstəliklərə səbəb olub.
Nüvə sınaqlarından 60 il sonra Kolumbiya Universitetinin alimləri bu adalardan dördündə radiasiya səviyyəsinin yüksək olduğunu müəyyən ediblər. Onlar qeyd ediblər ki, hazırda bəzi yerlərdə şüalanma 1986-cı ildə baş vermiş Çernobıl fəlakəti və 2011-ci ildə zəlzələ və sunami nəticəsində meydana çıxmış Fukusima atom elektrik stansiyasında olduğundan 1 min dəfə artıqdır. Torpaq nümunələrinin analizini aparan tədqiqatçılar bu ərazidə amerisium, sezium, plutonium kimi təhlükəli elementlərin səviyyəsinin həddindən artıq yüksək olduğunu bildiriblər.
2018-ci il iyulun 1-dək olan məlumata görə, Marşall adalarının əhalisi cəmi 75 min nəfərdir. Burada ən az radiasiyaya məruz qalmış və yaşamaq üçün əlverişli olan ərazi cəmi 700 insanın məskunlaşdığı Yenevtak adasıdır.
AZƏRTAC