Mədəniyyət Nazirliyinin strukturuna daxil olan bir sıra müəssisələrdə vergidənyayınma halları aşkar edilib.
İnsider.az xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının 2020-ci il audit hesabatında yer alıb.
Azərbaycan Dövlət Filarmoniyası tərəfindən 2017-ci il maliyyə hesabatlarında illik xərcləri 59 min 759 manat, 2018-ci ildə isə 64 min 259 manat artıq göstərməklə mənfəət vergisi müvafiq olaraq, 11 min 951 manat 80 qəpik və 12 min 848 manat 20 qəpik məbləğində büdcəyə az ödənilib.
“Sosial sığorta haqqında” qanununun 14-cü maddəsinin (14.5.4. müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün ödəmə mənbəyindən tutulmaqla hesablanmış qonorar məbləğinin 15 faizi miqdarında) tələblərinə düzgün əməl edilməyərək, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyası və “Salnamə” Sənədli filmlər studiyası üzrə müəlliflik qonorarı ödəyən hüquqi və fiziki şəxslər üçün müvafiq olaraq 5865 manat və 2895 manat məcburi dövlət sosial sığorta haqqı qonorar məbləğindən deyil (ödəmə mənbəyindən), büdcə vəsaiti hesabına ödənilib.
Eyni zamanda, Kinostudiya tərəfindən 2017-ci ildə 2760 manat, 2018-ci ildə 14 min 580 manat, ümumilikdə 17 min 340 manat məbləğində mənfəət vergisi az ödənilib.
Masallı Rayon Mədəniyyət İdarəsinə əvəzsiz olaraq verilmiş 202 min 551 manat 20 qəpik məbləğində mal-material qiymətlilərindən 21 min 532 manat 90 qəpik maliyyə hesabatında uçota alınmayıb.
“Azanfilm Studiyası"nın mühasibatlığı tərəfindən “Balaca şahzadə” sənədli filminin istehsalı ilə əlaqədar icarə haqqı üzrə firmalara 3340 manat artıq vəsait ödənilib.
“Mozalanfilm Studiyası” tərəfindən “Əlvida, Şmit” bədii filminin çəkilişi üçün yerin icarəsi adı ilə firmalara 1500 manat artıq vəsait ödənilib.
Oxu.Az