mehman-hu-seynovu-tehqir-eden-sexs-polise-cagirildi-yenilenib

Mehman Hüseynovu təhqir edən şəxs polisə çağırıldı - YENİLƏNİB

Bloqer Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Report”a bildirib ki, aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğu müəyyən edilib:

“O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunub və onunla profilaktiki söhbət aparılaraq sərbəst buraxılıb. Həmin şəxs polis əməkdaşı deyil, ümumiyyətlə, əvvəllər də polis orqanlarında xidmət etməyib. Elxan Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşman olduğunu bildirməklə, üzrxahlıq edib”.

10:30

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə paytaxt ərazisində özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşa hədə-qorxu gələn şəxslə bağlı yayılan görüntülərə münasibət bildirib.

DİN-in mətbuat xidmətindən “Report”a bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bloqer Mehman Hüseynov sosial şəbəkələrdə yaydığı videoda metronun “Gənclik” stansiyasının yaxınlığında maskasız olan şəxsin özünü polis əməkdaşı kimi təqdim etdiyini iddia edir. Bloqerin paylaşdığı görüntülərdə həmin şəxs M.Hüseynovu da təhqir edərək hədələyib.

M.Hüseynov bildirib ki, həmin şəxsin adı Elxan Tağıyevdir. O, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində hərbi hissə komandiri olub, daha sonra işdən qovulub.