“Bakıda, həmçinin Sumqayıt və Abşeronda məktəbəqədər qruplarda əyani təhsil forması həftədə iki dəfə, ibtidai siniflər üzrə həftədə üç dəfə olmaqla bərpası planlaşdırılır”.
İnsider.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, şagird sayı çox olan siniflər qruplara bölünür:
“Tədrisdə növbəlilik tətbiq olunur və növbələr arasında tədris otaqlarında, dəhlizlərdə, yeməkxanalarda və sanitariya qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə nəzərdə tutulur.
Təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçüləcək, bədən hərarətinin 37,1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların müəssisəyə daxil olmasına yol verilmir. Tədris prosesindən kənar kütləvi tədbirlərin keçirilməsinə yol verilmir.
Təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin ediləcək”.
O qeyd edib ki, təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər arasında minimum 1,5 metr sosial məsafə təmin olunur:
“Şagirdlər müəssisəyə daxil olarkən və müəssisə daxilində sosial məsafə gözlənilməlidir. Tədris müəssisəsinə şəxslərin maskasız daxil olması qadağandır”.
Oxu.Az