Yeni məktəbli formalarının qiymətləri ilə bağlı müzakirələr davam edir. Son olaraq formaların bir dəstinin qiymətinin 39 manat olacağı barədə məlumat yayıldı.
“Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov isə açıqlamasında məktəbli formalarının qiymətinin hələ tənzimlənmədiyini diqqətə çatdırıb:
“Jurnalist sual verdi ki, qiymət hansı aralıqda ola bilər? Mən də təxmini bir şey dedim. Maraqlanırlar deyə artıq bir rəqəm deməli olursan. İnsanlar, gərək, bir-birlərini başa düşsünlər. Burada böyük sirr yoxdur axı. Onsuz da, qiymətlər çərşənbə günü açıqlanacaq. Bir az səbirli olmaq lazımdır.
'
Avqustun 17-si açılış olacaq, real qiymət həmin vaxt göstəriləcək. Hazırda hesablamalar aparılır. Çünki şalvar və ətəklərin 60 faizi yundan ibarətdir. Yun parça isə çox bahadır. Biz satış qiyməti ilə parça qiymətinə baxdıqda görürük ki, havayı işləyirik, hətta zərərə gedirik. Ona görə də işdən zərərsiz çıxmaq üçün qiymətləri tənzimləyirik”.
Qurum rəsmisi formaların dəst satılacağı barədə məlumatın da yalan olduğunu vurğulayıb:
“Formalar dəst satılmalıdır deyə bir şey yoxdur. Ola bilsin ki, kimsə köynək alıb, onu keçən ildən qalan şalvarı ilə geyinəcək. Əgər şalvarı təzə qalıbsa, yenisini almağa ehtiyac olmayacaq. Çünki ötənilki ilə eyni rəngdədir, sadəcə parça bu il yundandır.
Ətəklər isə fərqlidir, yenisini almalıdırlar. Yayılan şayiələrə görə camaat qorxuya düşür, düşünürlər ki, formanın hamısını birdən necə alacaqlar. Ajiotaj yaratmaq lazım deyil. Hələ ki imkanları daxilində yay formasını alarlar, payızda da jaket, qızlar üçün şalvar, uzunqol köynək, gödəkcə alınar. Bunların hamısı birdəfəlik alınmalıdır deyə bir şey yoxdur”.
Həmsöhbətimiz sadəcə 1-4-cü siniflər üçün geyimlərin satışa çıxarılacağını qeyd edib:
“Formaların bəziləri satışa çıxarılacaq, bəziləri yox, çünki çatdıra bilməmişik. Belə ki, hazırda 1-4-cü siniflərin formalarının satışı nəzərdə tutulur. Nazirlik də belə qərara gəlib ki, əvvəl ibtidai sinif şagirdləri geyimlə təmin olunsunlar.
Kimlərin əvvəlki ildən forması varsa, hələ ki onu geyinə bilərlər. Məcburiyyət və qadağa yoxdur. Yəni heç kimə “Bu formanı geyinmə” deyilməyəcək. Hələlik könüllülük prinsipi aparıcı olacaq.
Çoxuşaqlı ailələr üçün endirim məsələsinə gəldikdə isə Təhsil Nazirliyi və başqa dövlət qurumları onlarla bağlı güzəştlər edirlər. Biz edə bilmirik, çünki parçanı çətinliklə gətiririk, qiymətlər böyük bir fərqlə müəyyənləşdirilmir. Yəni bu mənə aid bir məsələ deyil, güzəşt edilib-edilməyəcəyini müdiriyyət bilər”.
Oxu.Az