mekteblilerin-neqliyyat-probleminin-helli-5-milyon-qenaet

Məktəblilərin nəqliyyat probleminin həlli - 5 milyon qənaət

ABŞ-ın Boston şəhəri 2017-ci ildə üzləşdiyi problemin həllinə nail olub.

İnsider.az “Route Fifty”-yə istinadən xəbər verir ki, şəhər marşrutlarının qəlizliyi ucbatından məktəb nəqliyyatı yüksək dərəcəli məsrəflərlə üzləşən Bostonun problemi həll edilib.

Problemin mahiyyəti Boston məktəb dairəsinin (BPS, Boston Public Schools District) ABŞ-da bir şagird üçün ən yüksək nəqliyyat xərclərindən (təxminən ildə 2000 dollar, cəmdə bu xərclər dairənin bütün büdcəsinin təqribən 10%-ni təşkil edirdi) ibarət idi. Xərclər daim artır, avtobus parkının iş keyfiyyəti isə digər iri rayonlarla müqayisədə qat-qat aşğı düşürdü.

Üstəlik BPS-in digər iri dairələrin əksəriyyətindən fərqli olaraq, çox sayda məktəblilərin daşınmasının təminatı problemi daha da dərinləşirdi.

Lakin Boston dairəsinin köməyinə Massaçusets Texnologiya Universitetinin mütəxəssisləri yetişdi – onlar, təkcə əsas parametrləri deyil, misal üçün, uşaqların eyni sürücü ilə getmə istəyini və dalaşqan şagirdləri ayrı avtobuslara yerləşdirməsini nəzərə alan sistem tərtib edərək, ən yaxşı alqoritm müsabiqəsində qalib gəliblər.

Tərtib edilmiş alqoritm sayəsində uşaqlar məktəblərə daha tez gəlməyə nail olub, yola sərf edilən zaman isə qısalıb. Bu da şəhərin xərclərinin azalması ilə nəticələnib – bu layihə çərçivəsində avtobus parkını 8%, yəni 50 avtobus azaltmaq mümkün olub. Karbon qazının havaya tullanılması isə gündə 20 min funt azalıb. Beləliklə də, şəhər bunun nəticəsində 5 milyon dolları qənaət etməyə nail olub.

Boston yeni marşrut sistemini 2017-2018-ci tədris ilində test edib – 30 dəqiqəyə alqoritm əl ilə hazırlanmış variantdan 20% daha effektiv marşrut xəritəsini yarada bilib. Alqoritm işlədikcə keyfiyyəti daha da artır – hazırda marşrut tərtibatçıları ləngimə olan marşrutları izləyir, maraqlanan tərəflərin (məktəb direktoru, şagirdlər, valideynlər, sürücülər) istəklərini toplayır və sürücülərə daha yaxşı xidmət göstərməkdə yardım edirlər.

Qeyd edək ki, alqoritm hər məktəb üçün ayrıca marşrut qurmur, əksinə, sistemli yanaşmanı istifadə edərək, onları birləşdirir.  Əvvəlcə o, uşağın yolda bir saatdan çox olmamasını tənzimləyərək dayanacaqları təyin edir, sonra isə bir neçə məktəb üçün optimal marşrutu müəyyən edir.

Həmçinin tərtibatçılar sistemdə ikinci alqoritmi istifadə edirlər – bu alqoritm dərs cədvəllərindəki dəyişiklilər kimi, məktəb qaydalarındakı dəyişiklilərin iqtisadi və təchizat nəticələrini anlayır və onlara dair həllər təklif edir.

Samirə Məmmədova