menzil-elde-etmek-isteyenlerin-nezerine-prosesler-sadelesdirilib-sertler-yumsaldilib

Mənzil əldə etmək istəyənlərin NƏZƏRİNƏ: Proseslər sadələşdirilib, şərtlər yumşaldılıb

2021-ci il ərzində 867 mənzil kirayə mexanizmi ilə vətəndaşlara təhvil verilib.

İpoteka və Kredit Zəmanət Fondundan verilən məlumata əsasən, bu ötən illə müqayisədə iki dəfədən çoxdur.

Ümumilikdə bu günə kimi 1 280 sayda mənzil vətəndaşlara təhvil verilib. Kirayə mənzil mexanizmindən faydalanan şəxslərin orta yaş göstəricisi 35 olmaqla, 70 faizdən çoxunu gənclər və gənc ailələr təşkil edib.

Eyni zamanda, əhali üçün kirayə mənzil mexanizmindən istifadənin daha da asanlaşdırılması və əlçatanlığının artırılması məqsədi ilə cari il ərzində proseslər bir qədər də sadələşdirilib, gəlirlərin qiymətləndirilməsi şərtləri daha da yumşaldılıb, habelə sabit vergi ödəyicilərinə də mexanizm vasitəsi ilə mənzil sahibi olmaq imkanı yaradılıb. 

Qeyd edək ki, hazırda fond tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yeddi fərqli ünvanda 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər təklif olunur. 

Mexanizm çərçivəsində aylıq ödənişlər çox güzəştli şərtlərlə hesablanır. Proseslər isə ən qısa vaxtda - 3 iş günü ərzində tamamlanmaqla mənzil vətəndaşa təhvil verilir.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsindən və “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin “Elektron İpoteka və Kredit Zəmanət” sistemindən (EİKZS) istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş təlimatla tanış olaraq əldə etmək mümkündür.

Oxu.Az