Azərbaycan Respublikası Mərkəzi Bankı 2021-ci ildə maliyyə sektorunun inkişafının prioritet istiqamətlərini açıqlayıb.
Azərbaycan Respublikası Mərkəzi Bankının 2021-ci il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir ki, 2021-ci ildə maliyyə sektoru üzrə siyasət maliyyə sabitliyinin qorunması, pandemiyadan təsirlənən iqtisadi subyektlərə dəstək, habelə maliyyə vasitəçiliyinin və bazarlarının dərinləşdirilməsi kimi istiqamətlərə yönəldiləcəkdir. Bütün bunlar maliyyə sektorunun iqtisadi artımda rolunu daha da yüksəltməlidir.
Maliyyə sabitliyinin qorunması istiqamətində, ilk növbədə, bank nəzarəti çərçivəsinin təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi davam etdiriləcəkdir. Prudensial tənzimləmə çərçivəsi sistem risklərinin önləyici qaydada aşkar edilməsinə və preventiv tədbirlərin görülməsinə imkan verəcəkdir. Kredit təşkilatlarının risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi, banklarda korporativ idarəetmə standartlarının tətbiqi üzrə səylər gücləndiriləcəkdir. Beynəlxalq standartlara uyğun requlyativ çərçivə və banklarda təkmil risk idarəetməsi sektorun sağlamlığını dəstəkləyəcəkdir.
Əmanətlərin sığortalanması mexanizminin yeni çərçivəsinə dair yeni strategiyanın 2021-ci ildə reallaşdırılması bank sektoruna etimadı qoruyacaqdır. Strategiya fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin dəyişdirilməsilə yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin bank hesablarında olan vəsaitlər üzrə kompensasiya məbləğinin müəyyənləşdirilməsini və notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanmasını nəzərdə tutur. Nəzərdə tutulan dəyişikliklər əmanətçilərin mütləq əksəriyyətinin əmanətinin tam qorunmasına, banklarda risk idarəetməsinin təkmilləşdirilməsinə, bazar intizamı və rəqabət mühitinin gücləndirilməsinə, beləliklə bank sisteminin dayanıqlığının və əmanətçilərin mənafelərinin etibarlı qorunmasına imkan verəcəkdir.
Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi sisteminin gücləndirilməsi və əhalinin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir.
Pandemiyadan zərər çəkmiş iqtisadi subyektlərə dəstək məqsədilə tətbiq olunan requlyativ güzəştlərin zərurət olduqda vaxtının uzadılması və vəziyyətdən asılı olaraq modifikasiyası diqqətdə saxlanılacaqdır. Bu tədbirlər borcalanların maraqlarının müdafiəsinə, kreditləşmənin saxlanılmasına və maliyyə sektorunun stabil fəaliyyətinə istiqamətlənəcəkdir.
Maliyyə-bank sektorunun dərinliyinin artırılması istiqamətində fəaliyyət gücləndiriləcəkdir. Bankların strategiyalarında biznes kreditləşməsinə diqqətin artırılması 2021-ci ildə də təşviq olunacaqdır. Banklararası pul bazarının aktivləşdirilməsi banklar arasında resurs axınının sürətləndirilməsinə və beləliklə biznesin maliyyə resurslarına tələbatının ödənilməsinə xidmət edəcəkdir.
Regionlarda maliyyəyə çıxışın yaxşılaşdırılması xüsusi diqqətdə saxlanılacaqdır. İşğaldan azad edilmiş rayonlarda bank-maliyyə infrastrukturunun yaradılması qayıdış planlarının mühüm tərkib hissəsi olacaqdır.
İpoteka kreditləşməsinin bazar mexanizmləri vasitəsilə genişləndirilməsi ölkədə əmlak-tikinti sektorunun inkişafında mühüm rol oynayacaqdır. Bu istiqamətdə yığım-tikinti bankının yaradılması məsələsinə baxılacaqdır.
Maliyyə inklüzivliyinin genişlənməsi məqsədilə maliyyə xidmətlərinin rəqəmsallaşdırılması və "fintex”lərdən istifadə təşviq ediləcəkdir. Növbəti ildə də nağdsız ödəniş infrastrukturundan istifadə imkanlarının genişləndirilməsi və banklar tərəfindən innovativ ödəniş alətlərinin tətbiqi diqqətdə saxlanılacaqdır.
Sığorta sektorunda effektiv tənzimləmə və nəzarətin gücləndirilməsi, sığortanın əhatəsinin genişləndirilməsi ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi vacib prioritetlərdən olacaqdır. Sektorun maliyyə sabitliyinin, başqa sözlə onun yüksək ödəmə qabiliyyətliyinin daim təmin olunması üçün risk əsaslı tənzimləmə və nəzarət çərçivəsinin qurulması diqqətdə saxlanılacaqdır. Beynəlxalq baza prinsipləri əsasında sığorta qanunvericiliyinin təkmilləşdirilməsi, sığorta sahəsində maarifləndirmə və təbliğat, peşəkar kadr bazasının gücləndirilməsi, sığorta fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətlərində başlanılmış layihələrin icrası geniş miqyasda davam etdiriləcəkdir.
Kapital bazarının inkişafına dair tədbirlər müvafiq strategiya çərçivəsində hüquqi bazanın təkmilləşdirilməsi, müasir bazar infrastrukturunun formalaşdırılması, bazarda iştirakın stimullaşdırılması və nəzarət çərçivəsinin beynəlxalq standartlara uyğunlaşdırılması həyata keçiriləcəkdir. Kapital bazarında hüquqi çərçivənin təkmilləşdirilməsi istiqamətində sekyuritizasiya prosesi, törəmə maliyyə alətləri və repo bazarı üzrə beynəlxalq standartlara uyğun requlyativ çərçivəsinin yaradılması, eləcə də maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi və beləliklə də bazarda yeni və daha mürəkkəb alət və xidmət növlərinin bazara təqdim edilməsi ilə kapital bazarının dərinliyinin artırılmasına dəstək olacaqdır. Kapital bazarında əməliyyat mühitinin təkmilləşdirilməsi üzrə müasir standartlara cavab verən mərkəzləşdirilmiş ticarət sisteminin qurulması, eyni zamanda qiymətli kağızların qeydiyyatı prosesinin elektronlaşdırılması üzrə görüləcək işlər emitentlərin və investorların bazara çıxış imkanının əhəmiyyətli dərəcədə genişləndirilməsini təmin edəcəkdir.
Maliyyə sektorunun modernizasiyası üzrə nəzərdə tutulan irimiqyaslı tədbirlərin həyata keçirilməsi beynəlxalq əməkdaşlıqla hazırlanmış xüsusi proqramlarla təmin ediləcəkdir. "McKinsey” ilə birgə hazırlanan proqram çərçivəsində maliyyə inklüzivliyinin dərin diaqnostikası aparılacaq, müvafiq strategiya və konkret fəaliyyət planı hazırlanacaqdır. Maliyyə sektorunun hərtərəfli və dərin diaqnostikasının aparılması üçün Dünya Bankı ilə FSAP İnkişaf Modulu Proqramı çərçivəsində əməkdaşlığa başlanmışdır. Kapital və sığorta sektorlarının inkişafı üzrə də beynəlxalq ekspertlərin iştirakı ilə spesifik proqramlar hazırlanıb və onların icrasına başlanılıb.
Maliyyə sektorunun başlıca ekosistem problemlərinin həlli üçün hökumətlə sıx koordinasiya təmin olunacaqdır. İqtisadi dövriyyənin ağardılması, makro-fiskal çərçivənin dayanıqlığının gücləndirilməsi, rəqabət mühitinin yaxşılaşdırılması və s. istiqamətlərdə islahatlar maliyyə sektorunun da fəaliyyətinə müsbət təsir edəcəkdir.
Marja