Mərkəzi Bank artan inflyasiyaya və Manatın məzənnəsinə yuxarı istiqamətli təzyiqi nəzərə alaraq “gözlə gör” mövqeyi tutdu. Mərkəzi Bank 2019-cu ildə 8 dəfə, 2020-ci ildə 1 dəfə faiz endirimi etmişdi.
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 7.25% səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul etmişdir.
İnsider.az Mərkəzi Banka istinadən xəbər verir ki, faiz dəhlizinin yuxarı həddi 9% saxlanılmaqla aşağı həddi 6.75%-ə qaldırılmışdır.
Yaranmış vəziyyətdə Mərkəzi Bank qlobal mühitdə və ölkə iqtisadiyyatında gedən prosesləri gündəlik əsasda monitorinq edir, xarici şokun ölkə iqtisadiyyatına təsirlərinin miqyasını qiymətləndirmək üçün davamlı təhlillər aparır.
Bu qərar 19 mart 2020-ci il tarixindən qüvvəyə minir.
Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı 2020-ci il may ayının 1-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.