Mərkəzi Bankın lisenziyası ilə “Azərpoçt” MMC əhaliyə bank xidmətlərinin göstərilməsinə başlaya bilər.
Bunu “Azərpoçt” MMC-nin baş direktorunun müavini Xəyyam Əlizadə deyib.
O bildirib ki, kreditlərin verilməsi və depozitlərin yerləşdirilməsi üzrə “Azərpoçt”un maliyyə xidmətlərini göstərməsini təmin edəcək lisenziyanın verilməsi Mərkəzi Bankın qərarından asılı olacaq:
“Bu məsələ qurumların nəzarətindədir. Bildiyiniz kimi biz faizlə qəbul edilən depozitləri və faizlə verilən kreditləri həyata keçirə bilmirik. Bu lisenziyanın alınması Mərkəzi Bankın qərarı ilə olacaq. Bundan sonra müvafiq fəaliyyətə məmnuniyyətlə başlaya bilərik”.
Xəyyam Əlizadə əlavə edib ki, maliyyə institutlarının, bankların filial şəbəkəsi “Azərpoçt” qədər geniş deyil və hazırda qurumun 1500-ə yaxın filial şəbəkəsi var:
“Biz ən uzaq nöqtələrdə bankların əlçatmaz olduğu ərazilərdə kredit verə bilərik. Əhaliyə bank xidməti göstərməyimiz yaxşı olardı. Bu bizim tərəfdən istənilir. Lakin Mərkəzi Bankın lisenziya siyasəti var bu yoxlanıldıqdan sonra qərar veriləcək. Amma məsələ gündəmdədir”.
Oxu.Az