Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizinin parametrlərinə dair növbəti qərarını açıqlayacaq.
AMB xəbər verir ki, Mərkəzi Bank 2023-cü ilin ilk üç iclasında uçot faiz dərəcəsini artırıb və ilin əvvəlindən 8,25%-dən 9%-ə çatdırıb.
“Fitch Solutions” beynəlxalq kredit reytinq agentliyi AMB-nin uçot dərəcəsini 9,25%-ə çatdıracağını proqnozlaşdırıb. Rusiya “Qazprombank”ının Tədqiqatlar şöbəsinin rəis müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina da “Fitch Solutions”la eyni fikirdədir və iyunun 21-də keçiriləcək iclasda AMB-nin yenidən maliyyələşdirmə dərəcəsini 25 baza bəndi artıraraq 9,25%-ə çatdıracağını vurğulayıb.
Xatırladaq ki, mayın 3-də Azərbaycanda uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,75%-dən 9%-ə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7%-dən 7,5 %-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75 %-dən 10%-ə çatdırılıb.