Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%, faiz dəhlizinin aşağı həddi 7.5%, faiz dəhlizinin yuxarı həddi isə 10% səviyyəsində dəyişməz saxlanılmışdır.
Bu, Mərkəzi Bankın "Faiz dəhlizinin parametrləri" haqqında press-relizdə bildirilir.
Qeyd edilib ki, bu qərar aparılmış makroiqtisadi təhlillər, yenilənmiş proqnozlar, daxili və xarici inflyasiya amillərinin və risklər balansının dəyişimi nəzərə alınmaqla verilmişdir.
Pul siyasətinə həsr edilmiş ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam etmişdir. İyun ayında əvvəlki aya nəzərən 0.9%-lik deflyasiya qeydə alınmışdır. İllik inflyasiya iyunda 10.6% təşkil etmişdir ki, bu da ötən ilin sentyabr ayında qeydə alınmış son illərin pik səviyyəsi ilə müqayisədə 5 faiz bəndi aşağıdır. İllik ərzaq inflyasiyası 11.5%-ə enmişdir.
İllik inflyasiya həm xarici, həm də daxili amillərdən təsirlənərək azalmışdır. Tərəfdaş ölkələrdə inflyasiyanın azalması, dünya əmtəə bazarlarında qiymətlərin enməsi, beynəlxalq yükdaşıma xərclərinin pandemiyadan əvvəlki səviyyələrə qayıtması inflyasiyaya azaldıcı təsir etmişdir. Qiymətləndirmələrə görə ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiya cari ilin iyununda ötən ilin oktyabrında müşahidə edilən pik səviyyə ilə müqayisədə 2 dəfədən çox azalmışdır. Bu əsasən qlobal iqtisadi aktivliyin zəifləməsi, qlobal enerji qiymətlərinin azalması və əksər ölkələrdə həyata keçirilmiş sərt pul siyasəti ilə izah edilir. Dünya Bankının əmtəə bazarları haqqında son hesabatına əsasən iyunda illik əsasda əmtəə qiymətləri 37.1%, o cümlədən enerji qiymətləri 45.1%, qeyri-enerji qiymətləri 15.1% enmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə ərzaq qiymətləri iyunda illik əsasda 20.9% azalmışdır. Eyni zamanda valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi (I yarımillikdə 10.3%), qəbul edilmiş pul siyasəti qərarları monetar şərait vasitəsilə inflyasiya təzyiqlərini azaltmışdır. Xarici mühitin əlverişli olması, ölkənin qeyri-neft ixrac potensialının yüksəlməsi valyuta bazarında tarazlığın dəstəklənməsində xüsusi rol oynamışdır. 2023-cü ilin I rübündə cari hesablar balansının profisiti 3.4 mlrd. ABŞ dolları və ya ÜDM-in 18.9% səviyyəsində olmuşdur. Xarici sektorda müsbət proseslər növbəti rübdə də davam edir
İnflyasiya tempində müşahidə olunan azalmaya baxmayaraq xarici mühitin yüksək dəyişkənliyi, məcmu tələbin izafi genişlənməsi riski inflyasiyaya artırıcı təsir edən amillər kimi qiymətləndirilə bilər. Davam edən geosiyasi münaqişə zəminində beynəlxalq logistika zəncirinin pozulması, bir sıra ölkələrdə inflyasiyanın uzun müddət hədəf səviyyələrindən yuxarıda qalması gözləntiləri müxtəlif kanallarla inflyasiya proseslərinə təsir potensialını saxlayır.
Ümumilikdə inflyasiyanı azaldan amillərin güclənməsi ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəfə yaxınlaşması ehtimalını artırır.
Mərkəzi Bank antiinflyasiya xarakterli pul siyasətini və inflyasiyaya təsir imkanlarını artırmaq istiqamətində islahatları davam etdirir. Faiz dəhlizi parametrlərinin dinamikası, pul siyasəti alətlərinin adekvat tətbiqi və makro-prudensial tələblərdə edilən dəyişikliklər məcmu tələbin izafi artımını məhdudlaşdırmaqdadır. Pul bazarında əməliyyatlar üzrə orta faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya verməkdə davam edir. May ayından başlayaraq gündəlik əsasda açıqlanan və banklar arasında milli valyutada bağlanan təminatsız əqdlərin orta çəkili faiz dərəcəsini əks etdirən AZIR (Azerbaijan Interbank Rate) indeksi artım meyillidir. Belə ki, cari ilin əvvəlindən bəri 1 günlük AZIR indeksi 1.87, 1 həftəlik AZIR indeksi isə 1.04 faiz bəndi qalxmışdır. Pul təklifinin daha effektiv tənzimlənməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin daha da məhdudlaşdırılması və de-dollarlaşma meyillərinin dəstəklənməsi üçün məcburi ehtiyat normalarının diferensiallaşdırılması qaydasına yenidən baxılmışdır. Qərara alınmışdır ki, 2023-cü ilin iyul ayından başlayaraq bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (2023-cü ilin 15 avqust tarixindən) etibarən məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar. Məcburi ehtiyat normalarının hüquqi şəxslərin depozitlərinin məbləğindən asılı olaraq diferensial tətbiqi likvidliyin təmərküzləşməsini azaltmağa və əlavə vəsaitin sterilizasiyasına imkan yaradacaqdır.
Mərkəzi Bank pul siyasəti ilə bağlı növbəti qərarlarını da daxili və xarici inflyasiya risklərini, faktiki və gözlənilən inflyasiyanın hədəfdən yayınma dərəcəsini nəzərə almaqla qəbul edəcəkdir.Pul siyasəti ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2023-cü il sentyabr ayının 20-də açıqlanacaqdır.