Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana köçüb.
19 ildir Şimali Kiprin Yakın Doğu Universitetində çalışan professor C.Quliyev bundan sonrakı həyat və yaradıcılığını yenidən doğma Vətəndə davam etdirmək qərarına gəlib.
O, son illər yazdığı irihəcmli əsərləri ifa etdirmək və lentə yazdırmaq zərurəti ilə qarşılaşdığından yenidən Vətənə qayıtdığını bildirib: "Mən Azərbaycan vətəndaşıyam, ölkədən də birdəfəlik getməmişdim. Haraya getsək də, hamımızın sonda dönəcəyi bir ünvan var – Azərbaycan. Sözsüz ki, Vətən müharibəsindəki tarixi qələbədən sonra qalib ölkədə yaşamağın və yaradıcılıq planlarımı həyata keçirməyin zövqü başqa olacaq".
Qeyd edək ki, C.Quliyev son vaxtlar ölkəyə qayıdan ilk nüfuzlu diaspor nümayəndəsi deyil. Bundan əvvəl də xaricdə yaşayan dəyərli ziyalılarımızdan bir neçəsi birdəfəlik Vətənə geri dönüb.
Report