microsoft-un-rubluk-geliri-artib

“Microsoft”un rüblük gəliri artıb

“Microsoft” korporasiyası iyunun 30-u yekunlaşmış 2018-2019-cu maliyyə ilinin dördüncü rübünə görə hesabatını dərc edib. 2019-cu ilin aprel-iyun aylarına görə şirkətin xalis mənfəəti 12% artaraq 33,7 milyard dollar təşkil edib. İnsider.az bu barədə “CNBC”-yə istinadla xəbər verir.

Xalis gəlir 49% artıb və 13,19 milyard dollar və ya hər səhmə görə 1,71 dollar təşkil edib. Bu artım analitiklərin proqnozlarını üstələyib.

“Azure” bulud platformasından olan mənfəət 64% artıb. Satışların tam göstəricilərini şirkət açıqlamır.

“Azure” “Windows Server”, “Visual Studio” və “GitHub”-la birgə rüb üzrə şirkətə 11,4 milyard dollar gətirən “Intelligent Cloud” istiqamətinə daxildir. İl üzrə bu istiqamətin mənfəəti 38,9 milyard dollar təşkil edib.

“Office 365” və “LinkedIn”in daxil olduğu “Productivity and Business Processes” istiqamətinin rüblük mənfəəti 14% artaraq 11,05 milyard dollar təşkil edib. İl yekunları üzrə bu seqment “Microsoft”a 41,2 milyard dollar gətirib.

“Windows”, “Xbox” və “Surface”-in satışları isə rüb üzrə 4% artaraq 11,3 milyard dollar edib. İl yekunları üzrə bu seqmentin mənfəəti 45,7 milyard dollar təşkil edib. Oyun bölməsinin mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 10% düşüb.

Maliyyə ilinin yekunları üzrə isə “Microsoft”un ümumi mənfəəti 14% artaraq 125,8 milyard dollar təşkil edib. Şirkətin xalis gəliri 137%-dək – 39,2 milyard dollara qədər yüksəlib.

Samirə Məmmədova