mida-dan-ev-alanlarin-nezerine-martdaki-neticeler-legv-edildi

MİDA-dan ev alanların NƏZƏRİNƏ: Martdakı nəticələr ləğv edildi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat yayıb.

Məlumatda bildirilir:

"Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə  mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri müəyyən edilərək saxlanılmışlar.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə E.E.Məmmədov, R.A.Hacıyev, F.İ.Hüseynov, Y.İ.Lətifzadə, T.T.Abdullayev, C.F.Məmmədov və digərləri Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə məsuliyyətə cəlb edilmişlər. Araşdırmalarla təsbit edilmişdir ki, həmin şəxslər qabaqcadan əlbir olub ayrı-ayrı qruplar halında maddi maraq zəminində onlara müraciət etmiş “Güzəştli mənzil” sistemi istifadəçilərinin güzəştli şərtlərlə mənzilə sahib olmalarını qeyri-qanuni yollarla reallaşdırmaq məqsədilə xüsusi kompüter proqram təminatları hazırlayıb və ya uyğunlaşdırıb tətbiqini həyata keçirməklə mənzil seçimi prosesinin sürətli keçidini təmin edərək qanunsuz müdaxilə etmiş və bununla da digər vətəndaşların ümumi və bərabər əsaslarla güzəştli mənzil əldə etmək imkanını məhdudlaşdırmaqla və dövlət orqanlarının normal fəaliyyətinə maneçilik törətməklə əhəmiyyətli zərər vurmuşlar.

“Güzəştli mənzil” sistemi Agentliyin sərəncamında olan mənzillərin güzəştlə əldə olunması sahəsində ölkə vətəndaşlarına elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada göstərilməsini həyata keçirir ki, onun da əsas məqsədi mənzilləri güzəştlə almaq istəyən şəxslər üçün bərabər şərait yaratmaq, mənzillərin seçilməsi və alınması prosedurunu sadələşdirmək, vətəndaşların müraciətlərinə baxılması zamanı şəffaflığı və operativliyi təmin etməkdir.

Yuxarıda qeyd edilən araşdırmalar nəticəsində müəyyən edilmiş halların “Güzəştli mənzil” sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilmişdir.

Agentliyin sərəncamında olan mənzillərin güzəştlə satışının ədalətli, şəffaf və bərabər şəraitdə keçirilməsini təmin etmək məqsədilə Yasamal Yaşayış Kompleksinin 2-ci mərhələsində 442 mənzilin seçimi yenidən həyata keçiriləcəkdir. Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcəkdir".