2017-ci ilin dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi Hövsan Yaşayış Kompleksinin ilk 7 mərtəbəli yaşayış binasının təməlqoyma mərasimi keçirilib.
Bakı şəhərinin Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektar ərazidə inşa olunan Hövsan Yaşayış Kompleksi tikinti-quraşdırma işləri yekunlaşdırılmışdır.
Agentliyin yaydığı məlumata görə, kompleks ümumilikdə 2962 mənzil olmaqla 11 yaşayış binasından ibarətdir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə vətəndaşlara təklif olunacaq. Mənzillərin layihələndirilməsi zamanı ölkəmizin şəhərsalma təcrübəsində ilk dəfə olaraq böyük əsas həyətlərlə yanaşı Avropanın cənub şəhərlərində geniş tətbiq olunan kiçik daxili həyətlər də planlaşdırılmışdır. Bununla da bütün mənzillərin təbii havalandırılması mümkün olacaq.
Hövsan Yaşayış Kompleksinin ərazisində çoxmənzilli binalarla yanaşı, insanların rahat yaşayışı üçün zəruri olan hər cür şərait yaradılmış, geniş həyətlər və uşaq oyun meydançaları tikilmiş, yaşıllıqlar salınmışdır. Eləcə də, Kompleksin ərazisində hər biri 90 yerlik olmaqla iki uşaq bağçası, 1920 şagird yerlik bir ümumtəhsil məktəbi və tibb mərkəzi tikilmişdir.
Yaxın zamanlarda mənzillərin satışı barədə elan veriləcəkdir.