Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tabeliyindəki MİDA MMC 2019-cu ili 4,903 milyon manat xalis mənfəətlə başa vurub.
İnsider.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilə nisbətən 2,2 dəfə çoxdur.
Ötən il kommersiya qurumunun müştərilərlə müqavilələrdən gəlirləri 57,374 milyon manat (əvvəlki illə müqayisədə 4,15 dəfə çox), satışının maya dəyəri 46,218 milyon manat (3,6 dəfə çox), sair əməliyyat gəlirləri 62 min manat (47,45% az), ümumi və inzibati xərcləri 6,415 milyon manat (53,1% çox), maliyyə aktivləri üzrə xalis dəyərsizləşmə zərəri 878 min manat (əvvəlki il olmayıb), maliyyə gəlirləri 3,696 milyon manat (37,85% az), maliyyə xərcləri 1,482 milyon manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri isə 1,235 milyon manat (2,15 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə MMC-nin aktivləri 347,055 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 61,7% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 303,9 dəfə artaraq 131,238 milyon manata, balans kapitalı isə 0,7% artaraq 215,817 milyon manata çatıb.
Xatırladaq ki, MİDA MMC 11 aprel 2016-cı ildə yaradılıb, 17 may 2016-cı ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.