mida-turanbank-ile-emekdasliq-muqavilesi-imzaladi

MİDA TuranBank ilə əməkdaşlıq müqaviləsi imzaladı

Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş müvafiq Qaydaya əsasən, güzəştlə mənzil əldə etmək hüququna malik şəxslərə təklif olunan güzəştlərdən biri Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən güzəştli ipoteka kreditidir.

“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi elektron kabinetə sahib olmuş vətəndaşlara bu güzəştdən yararlanmaq imkanı İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki “MİDA” MMC ilə müvafiq əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları tərəfindən təmin edilir.

Agentliyin yaydığı məlumata görə, vətəndaşların rahatlığını təmin etmək məqsədilə MİDA bu sahədə əməkdaşlıq etdiyi bankların dairəsini genişləndirməkdə davam edir. “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış növbəti kredit təşkilatı TuranBank oldu. 1992-ci ildən fəaliyyət göstərən TuranBank 17 müştəri xidmət strukturu ilə rahat və sərfəli şərtlərlə fərdi və korporativ müştərilərin xidmətindədir.

Xatırladaq ki, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına vətəndaşlara güzəştli ipoteka kreditinin verilməsi ilə bağlı “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalamış bankların sayı 6-ya çatdı. Daha öncə analoji müqavilələr “Kapital Bank”, “Bank BTB”, “Azər-Türk Bank” ASC, Bank VTB (Azərbaycan) və “Azərbaycan Beynəlxalq Bankı” ASC  ilə bağlanmışdır.