Təhsil sahəsinə göstərilən diqqət və qayğı, tədris prosesinin təmin olunması üçün yaradılan şərait dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Yeni tədris ilində şagird və müəllimlərin ixtiyarına verilməsi planlaşdırılan məktəblər bu siyasətin bariz nümunəsidir.
İnsider.az xəbər verir ki, aprel ayının 20-də millət vəkili Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovla birlikdə belə məktəblərdən birində - Qazax rayonunun İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbində aparılan təmir-tikinti işləri ilə tanış olub.
Məktəbdə aparılan əsaslı təmir tikinti və yenidənqurma işləri Heydər Əliyev Fondunun dəstəyi hesabına 14 iyul 2019-cu il tarixindən etibarən həyata keçirilir.
1176 şagirdin təhsil alacağı, məktəbin açılışı 2020-ci ilin sentyabr ayına planlaşdırılır.
Tədris müəssisəsinin futbol, basketbol və voleybol meydançasının tikintisi davam etdirilir. Yardımçı binalar inşa olunub. Bundan başqa, binanın arxa hissəsində tikilən güləş zalı, hər birinin həcmi 154 kubmetr olan 2 ədəd yanğından mühafizə, bir ədəd içməli su hovuzu, nasosxana, qazanxana tam hazırdır.
Məlumat üçün bildirək ki, 1928-ci ildə təməli qoyulan təhsil ocağı, 1952-ci ildən etibarən orta məktəb kimi fəaliyyətini davam etdirib. 1987-ci ildə isə bir tipli layihə əsasında yeni məktəb binası tikilərək istifadəyə verilib.
Qeyd edək ki, adıçəkilən məktbdən başqa yeni 2020-2021-ci tədris ilində rayon ərazisində təmir və tikinti işlərindən sonra Qaymaqlı kənd tam orta məktəbinin və Sarıvəlli kənd orta məktəbinin də açılışı nəzərdə tutulur.