millet-vekili-yeniden-evvelki-mehdudiyyetlere-qayida-bilerik

Millət vəkili: Yenidən əvvəlki məhdudiyyətlərə qayıda bilərik

“Son günlər ölkədə koronavirusa yoluxma ilə bağlı statistikanın yenidən artmasını müşahidə edirik. Sağalanların sayı yoluxanların sayından azdır, eyni zamanda, ölənlərin sayında da artım var”.

Bunu açıqlamasında millət vəkili Kamilə Əliyeva bildirib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən, virus mutasiya uğrayır və yeni ştammlar yaranır:

“Nəticədə xəstəliklə bağlı daha ciddi fəsadlar müşahidə olunur. Yay fəslinin əvvəllərində ölkədə yoluxma ilə bağlı rəqəmlər ürəkaçan idi və ölüm də sıfıra enmişdi. Bunun nəticəsində Nazirlər Kabineti yanında operativ qərargah karantin rejimi ilə bağlı bir çox yumşalmalara getdi.

Bundan sonra müəyyən şərtlər daxilində toy məclislərinin keçirilməsinə icazə verilsə də, bəzi insanlar qaydalara riayət etmədilər, COVID-19 pasportu olmayan insanların orada iştirak etməsi kimi sui-istifadə hallarına yol verdilər. Həmçinin, qapalı məkanlarda maskadan, sosial-məsafədən istifadə edilmədi, gigiyenik qaydalara əməl edilmədi ki, nəticədə yoluxma sayı kəskin artdı”.

Millət vəkili bildirib ki, insanlar elə başa düşür ki, karantin rejimi yumşaldılıbsa, koronavirusla bağlı təhlükə sovuşub:

“Bu, belə deyil. Hələ ki, təhlükə qalır. Biz yenidən əvvəlki məhdudiyyətlərə, ciddi qaydalara, rejimə qayıda bilərik. Bundan yeganə çıxış yolumuz insanların koronavirus əleyhinə peyvəndlənməsidir. Bu gün vaksinasiya prosesi davam edir, amma bu prosesi sürətləndirməliyik.

Bilirsiniz ki, bir sıra dövlətlərdə peyvəndin əldə olunmasında böyük problemlər yaşanırdı. Amma biz dövlətin səyi nəticəsində belə problemlərlə qarşılaşmadıq. Peyvənd vurduran insanlar xəstələnsələr belə, bunu yüngül keçirirlər”.

“Bu, qlobal məsələdir. Hər kəs sağlamlığına məsuliyyətlə yanaşmalı, ətrafdakı insanları təhlükəyə atmamalıdırlar”, - deyə əhaliyə çağırış edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 418 754, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 160 755, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 257 999 təşkil edir.

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı ölkə rəhbərliyinin tapşırıq və göstərişlərinə uyğun olaraq, bir sıra regionlarda dezinfeksiya həftəsi elan edilib.

Yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında gündəlik tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri aparılır.

Oxu.Az