milli-ksm-mukafati-2019-musabiqesine-yekun-vurulub

"Milli KSM Mükafatı 2019” müsabiqəsinə yekun vurulub

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkil etdiyi “Milli KSM Mükafatı 2019” müsabiqəsinə yekun vurulub. 

İnsider.az xəbər verir ki, Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin təşviqi üzrə dövlət siyasətinin və Heydər Əliyev Fondunun həyata keçirdiyi sosial layihələrin davamı olaraq təşkil olunan müsabiqəyə Azərbaycan ərazisində fəaliyyət göstərən beynəlxalq və milli şirkətlər son bir il ərzində həyata keçirdikləri layihələri təqdim edib. 

Müsabiqəyə təqdim olunan bütün layihələri BMT-nin Baş Assambleyasının qəbul etdiyi 17 məqsəd əsas götürülməklə Komissiya qiymətləndirib.

AQSİA-nın İdarə Heyətinin (İH) sədri Səkinə Babayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İH-nin sədri Orxan Məmmədov, ABAD publik hüquqi şəxsinin direktoru Rüfət Elçiyev, BP-nin vitse-prezident Bəxtiyar Aslanbəyli və digər çıxışçılar ölkədə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən, aparılan islahatlardan, biznes mühitinin daim yaxşılaşmasından danışıblar.

Qeyd olunub ki, sahibkarlar onlar üçün yaradılan əlverişli şəraitdən istifadə edərək sosial, ekoloji və digər sahələrdə KSM layihələrinə dəstək verməklə dayanıqlı iqtisadi inkişafın təmin olunmasına, cəmiyyətin ümumi rifahının yaxşılaşmasına töhfə verirlər. Müsabiqənin məqsədi ölkədə sahibkarlıq subyektləri tərəfindən həyata keçirilən KSM layihələrinin sayının artırılmasına təkan vermək, həmçinin KSM layihələri həyata keçirən şirkətlərin fəaliyyətini bir daha geniş miqyasda təqdir etməkdir.

Müsabiqədə layihələri İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət"), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Sahibkarlar Konfederasiyasının rəsmiləri müvafiq meyarlar üzrə dəyərləndirib.

Tədbir çərçivəsində həmçinin "KSM Türkiyə"nin qurucusu, "KSM Avropa"nın üzvü Serdar Dinler sahibkarlar üçün “Sosial təsdiq üçün trendlər” mövzusunda seminar təşkil edib.

Report