Vətəndaşlarımız və investorlar üçün alternativ yatırım imkanı təqdim edən və investisiya üçün ən çox müraciət olunan qiymətli kağıza çevrilmiş SOCAR İstiqrazları 17 aprel tarixində baş tutan sayca 14-cü faiz ödənişi nəticəsində sahiblərinə növbəti dəfə 1 milyon 250 min dollar gəlir qazandırdı. Bununla da, istiqraz sahiblərinin ümumi qazancı 17 milyon 500 min dollara yüksəldi.
“SOCAR Capital” şirkətindən verilən məlumata istinadən, nominal qiyməti 1000 dolar, tədavül müddəti 5 il, illik gəlirliliyi 5% olan və faizləri 3 aylıq qrafiklərlə ödənilən SOCAR İstiqrazlarının 1.25 milyonl dollar rüblük faiz ödənişi istiqraz sahiblərinin hesablarına köçürülüb.
Təkrar bazar əməliyyatları həcminin 190 milyon dollara çatması, bağlanmış əqd sayının 2.000-i ötməsi, Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə alətinə çevrilməsi və REPO əməliyyatlarının 34 milyon dollar təşkil etməsi SOCAR İstiqrazlarına olan yüksək tələbatın göstəricilərindəndir.
SOCAR İstiqrazı sahibləri əlverişli şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqraz(lar)ı müvafiq bankda girov qoymaqla, 15–16% faizlə Manat krediti cəlb edə bilərlər. Bu halda, istiqraz sahibləri 5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə qədər enmiş olur.