Heç bir cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Ona görə də təhsil işçilərinin əməkhaqqının artırılmsı və onların sosial müdafiəsi davamlı xarakter daşıyır. Bu sahədə aparılan islahatların kompleks və sistemli şəkildə aparılması onun dünya standartlarına uyğun olmasına yönəldilib. Prezident İlham Əliyevin imzaladığı sərəncamlar təhsilin bütün pillələrində müəyyən hədəflər müəyyənləşdirib.
İnsider.az-ın "AZƏRTAC"-a istinadən məlumatına görə, Təhsil nazirinin müavini İdris İsayev aparılan islahatlar barədə deyib ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi və sosial təminatının genişləndirilməsi və onlara layiqli həyat şəraitinin yaradılmasını ölkədə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biri olduğunu öz çıxışlarında dəfələrlə qeyd edib: "Ötən dövrdə həyata keçirilən tədbirlər sistemli və məqsədyönlü xarakter daşıyır. Minimum əməkhaqqı 2005-ci illə müqayisədə on, orta aylıq əməkhaqqı isə beş dəfədən çox artıb. Əgər minimum əməkhaqqının artım dinamikasına diqqət yetirsək, heç bir ildə builki qədər artım müşahidə edilmədiyini görərik.
Minimum əməkhaqqının əhatə etdiyi 950 min nəfərin içərisində təhsil işçiləri də var. İqtisadi fəaliyyət növünün təsnifatına görə muzdla işləyənlərin 23 faizini təhsil işçiləri təşkil edir. Təhsil işçilərinin ödəniş sistemi iki qrupa bölünür: diaqnostik qiymətləndirmədən keçən və vahid tarif cədvəli ilə əməkhaqqı alanlar. Pedaqoji işçilərin 150 min nəfərini diaqnostik qiymətləndirmədən keçənlər, 100 min nəfərini vahid tarif cədvəli ilə əməkhaqqı alanlar təşkil edir. Birinci qrup üzrə orta aylıq əməkhaqqı 20, ikinci qrup üzrə 40 faiz artırılıb. Əməkhaqqı artımları təhsil işçilərinin sosial müdafiəsini gücləndirməklə yanaşı eyni zamanda təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək.
Minimum əməkhaqqı sosial normativdir. İşəgötürənlər istər dövlət, istərsə də özəl sektorda çalışanlara həmin göstəricidən aşağı əməkhaqqı verə bilməz. Minimum əməkhaqqı artımı həm dövlət, həm də özəl sektorda çalışanların əməkhaqqının artımı deməkdir. Doğrudur, elə kateqoriyadan olanlar var ki, daha yüksək əməkhaqqı alırlar, lakin bununla yanaşı az əməkhaqqı alanlar da var. Minimum əməkhaqqının artımı əməyin ödənişi sistemində bərabərsizliyi aradan qaldırır, orta təbəqənin formalaşmasına və iqtisadiyyatın canlanmasına müsbət təsir göstərir.
Minimum əməkhaqqının artırılması haqqında sərəncam 260 minə yaxın təhsil işçisini əhatə edəcək. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı 20, vahid tarif cədvəli ilə maaş alanların orta əməkhaqqı 40 faiz artacaqdır. Sərəncama əsasən daha çox dövlət ümumtəhsil məktəblərində çalışanların əməkhaqqı artıb. İki il əvvəl dövlət başçısının sərəncamı ilə dövlət ümumtəhsil müəssisələrində çalışanların əməkhaqqının iki dəfə artırılması üçün onların bilik və bacarıqlarının qiymətləndirilməsi həyata keçirilib. Həmin artımlar vəzifə maaşlarına tətbiq edilib. Müəllimlər vəzifə maaşlarından başqa əlavələr də alırlar. Təxminən 81 minə yaxın müəllim vəzifə maaşına əlavə alır. Məsələn, elmi dərəcəyə, sinif rəhbərliyinə, ümumtəhsil məktəbinin statusuna görə əlavələr var. Həmin əlavələrin artırılması da nəzərdə tutulur.
Nazir müavini daha sonra deyib: “Peşə təhsili məktəblərində 5 minə yaxın müəllim çalışır. Onların 2 minə yaxını diaqnostik qiymətləndirmədən keçənlər, qalanlari isə vahid tarif cədvəli ilə əməkhaqqı alanlardır. Orta ixtisas məktəblərində və məktəbdənkənar təhsil müəssisələrində 15-16 min nəfərə yaxın pedaqoji heyət çalışır. Sərəncama əsasən onların da maaşları orta hesabla 50 faiz artacaq. Bundan başqa Təhsil Nazirliyinin tabeliyində olan bir sıra qurumlar var və orada 2500 nəfərə yaxın təhsil işçisi çalışır ki, onların da əməkhaqqına 40 faiz artımlar ediləcək”.