Moldova parlamenti fövqəladə vəziyyətin müddətini daha 60 gün uzadıb.
Belə bir qərar cümə axşamı qanunverici orqanın iclasında qəbul edilib.
“Moldova Respublikasının bütün ərazisində fövqəladə vəziyyət rejimi 2022-ci il oktyabrın 7-dən 60 gün müddətinə uzadılsın”, - qərarda deyilir.
Parlamentin spikeri İqor Qrosu bildirib ki, qərar Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyasının 53 səsi ilə təsdiqlənib. Müxalifət buna etiraz olaraq toplantını boykot edib.
Respublikanın baş naziri Natalya Qavrilitsa fövqəladə tədbirlərin görülməsinin zəruriliyini izah edərək, enerji böhranı və Ukraynadakı hərbi əməliyyatlar səbəbindən Avropanın ağır iqtisadi vəziyyətinə diqqət çəkib.
Onun sözlərinə görə, böhranı idarə etmək üçün sürətli qərarlar qəbul etmək və fövqəladə vəziyyət tətbiq etmək lazımdır.
Oxu.Az