moody-s-azerbaycanda-vergi-islahatlari-budcenin-qeyri-neft-kesirini-azaltmaga-imkan-verecek

"Moody's": Azərbaycanda vergi islahatları büdcənin qeyri-neft kəsirini azaltmağa imkan verəcək

Azərbaycanda dövlət idarəçiliyi səmərəliliyi neft qiymətlərinin aşağı düşməsi nəticəsində ticarət şərtlərinin sürətlə pisləşməsi fonunda yüksəlib.

İnsider.az xəbər verir ki, bu barədə "Moody's Investors Service" reytinq agentliyinin analitikləri məlumat veriblər.

Agentliyin MDB-də islahatlara və onun nəticələrinə həsr edilmiş hesabatında deyilir:

"Enerji daşıyıcılarının dünya qiymətlərinin aşağı düşməsi ona gətirib çıxarıb ki, Azərbaycan milli valyutanın dollara olan bağlılığını aradan qaldırıb, bu da xarici şokları bir qədər yumşaltmağa imkan verib.

Azərbaycan Mərkəzi Bankı da hazırda uçot dərəcəsinin köməkliyi ilə inflyasiyanın tarqetinq siyasətinin reallaşdırılması prosesindədir. Eyni mexanizmdən istifadə edən Qazaxıstan inflyasiyanın daha yüksək templə azalmasına və inflyasiya gözləntilərinin daha səmərəli möhkəmlənməsinə nail olur".

"Moody's" analitiklərinin sözlərinə görə, 2015-2016-cı illərdə Azərbaycan manatının devalvasiyaya məruz qalması ona gətirib çıxardı ki, ölkə yüksək səviyyədə dollarlaşan bank sistemində artan təzyiqlə üzləşdi:

"Bu təzyiq bank sektorunda islahatlara, yeni makroprudensial tədbirlərə və qanunverici təşəbbüslərə səbəb oldu. Hökumət neft gəlirlərinin dayanıqlı olmasını nəzərə alaraq iqtisadiyyatın şaxələndirilməsi üzrə səyləri bərpa edib. Biz gözləyirik ki, bu yaxınlarda (2019-cu il yanvarın 1-dən) Azərbaycanda tətbiq edilmiş vergi qanunvericiliyi siyasətin proqnozlaşdırılmasını yüksəldəcək, protsikliyi aşağı salacaq, büdcənin qeyri-neft kəsirini tədricən azaldacaq".

©Oxu.Az