moskva-bu-gunden-normal-heyata-qayidir

Moskva bu gündən normal həyata qayıdır

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusun qarşısının alınması məqsədi ilə tətbiq edilən qadağalar yumşaldılmağa başlayır.

Bu barədə şəhər meri Sergey Sobyanin meriyanın saytında yayımlanan bloq yazısında qeyd edib.

O, bildirib ki, yanvarın 22-dən etibarən şəhərdə muzeylər, kitabxanalar və digər mədəniyyət müəssisələri işlərini bərpa edəcəklər.

Həmçinin bu gündən etibarən ziyarətçilərin sayı müvafiq binalarda ümumi tutumunun 50%-dən çox olmaması şərti ilə əyləncə, sərgi, maarifləndirmə, reklam və digər bu kimi tədbirlərin keçirilməsinə icazə verilir.

Eyni zamanda, kolleclər, uşaq əyləncə məkanları, idman məktəbləri, kurslar, fevralın 6-dan isə ali təhsil mərkəzləri yenidən işə başlayır.

Qeyd edək ki, Moskvada son bir gündə koronavirusa 3 458 nəfər yoluxub.

Pandemiyanın başlanğıcından bəri paytaxtda 904 352 yoluxma aşkar edilib. Bu bir gün öncəki statistikaya görə (2 452 yoluxma) 4 faiz artım deməkdir.

Koronavirusdan 3 633 952 yoluxmanın qeydə alındığı Rusiya dünya ölkələri arasında dördüncü yerdədir.