Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin rəhbərləri 2021-ci ildə iqtisadi artım templərinin yaxşılaşacağını gözləyir.
Bunu “PwC Azərbaycan” şirkətinin ölkə üzrə idarəedici partnyoru Mövlan Paşayev deyib.
“Bu il biz Azərbaycanda fəaliyyət göstərən şirkətlərin rəhbərləri arasında dördüncü sorğu keçirdik. Sorğunun nəticələrinə əsasən, respondentlərin 71%-i dünya iqtisadiyyatının artım tempinin 2021-ci ildə yaxşılaşacağını hesab edir”, - deyə Paşayev bu gün 4-cü illik CEO sorğusunun nəticələrinin dərc edilməsinə həsr olunmuş mətbuat konfransında bildirib.
O əlavə edib ki, bu il sorğu 120-dən çox şirkət arasında keçirilib ki, bu da rekord göstəricidir. Araşdırmalara əsasən, bu göstərici ötən ilin nəticələri ilə müqayisədə 16 faiz bəndi çoxdur.
Şirkət rəhbərlərinin daha 17%-i templərin əvvəlki səviyyədə qalacağını, 5%-i isə dünya iqtisadiyyatının artım templərinin pisləşəcəyini gözləyir.
Respondentlərin 42%-i mənfəət göstəricisinin növbəti 12 ayda, 56%-i isə növbəti üç ildə artacağını gözləyir.
"COVID-19 biznes inkişafı üçün əsas təhlükədir"
Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin rəhbərləri koronavirus (COVID-19) pandemiyasını biznesin inkişafı üçün əsas təhlükə hesab edirlər. Sorğuya əsasən, respondentlərin 64%-i COVID-19-u şirkətin inkişafı üçün əsas risk hesab edir.
Respondentlər digər risklər arasında valyuta məzənnəsinin dəyişkənliyini (54%), artan vergi öhdəliklərini (38%) və qeyri-müəyyən iqtisadi artımı (38%) qeyd ediblər.
Bundan başqa, sorğuya əsasən, respondentlərin 76%-i strategiyanın formalaşdırılmasında pandemiyanı və digər səhiyyə problemlərini nəzərə alır.
Bu il sorğu Azərbaycanda fəaliyyət göstərən 120-dən çox şirkətin rəhbərləri arasında keçirilib.