muasir-dilciliyin-aktual-problemleri-beynelxalq-elmi-konfrans-kecirilib-foto

“Müasir dilçiliyin aktual problemləri” Beynəlxalq elmi konfrans keçirilib – FOTO

Azərbaycan dilçilik elminin korifeyi akademik Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş silsilə tədbirlərin davamı olaraq Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Müasir dilçiliyin aktual problemləri” Beynəlxalq elmi konfransı keçirilib. Konfransda iştirak etmək üçün Türkiyə, Rusiya, Serbiya, Gürcüstan, Finlandiya, Şimali Makedoniya, Qazaxıstan, Litva və başqa ölkələrdən dilçi-alimlər Azərbaycana səfər etmişlər.

Beynəlxalq elmi konfransın xarici ölkələrdən olan iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

İnsider.az xəbər verir ki, daha sonra konfrans iştirakçıları Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər qoyublar.

Beynəlxalq elmi konfransın plenar iclasına başlamamazdan əvvəl 30 il rəhbəri olduğu “Azərbaycan dilçiliyi” kafedrasının önündə xarici və milli dilçi-alimlərin iştirakı ilə Afad Qurbanovun barelyefinin təntənəli açılış mərasimi keçirildi. Barelyef Litvalı heykəltaraşlar tərəfindən hazırlandığı üçün həmin mərasimdə Litva Respublikasının Azərbaycandakı fövqaladə və səlahiyyətli səfəri Valdas Lastauskas iştirak etmişdir.

Beynəlxalq elmi konfransı giriş sözü ilə Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov açaraq görkəmli dilçi alim, türkoloq və ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi Afad Qurbanovun yüksək təhsil və elm təşkilatçılığı barədə danışıb. Qeyd olunub ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 70-80-ci illərdə intibah dövrü Afad Qurbanovun adı ilə bağlıdır.

Daha sonra alimin həyat və yaradıcılığı barədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar elmlər bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli və Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu çıxış etmişlər.

Tədbir zamanı Afad Qurbanovun zəngin elm və təhsil fəaliyyətini, ictimai-siyasi fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olundu.

Sonra xarici ölkələrdən olan fəxri qonaqlar -  Rusiya Elmlər Akademiyasının üzvü, Rusiya Türkoloqlar Komitəsinin sədr müavini, akademik Dıbo Anna Vladimirovna, Türk Dil Qurumunun sabiq sədri, Həcətəppə Universitetinin Sözlükçülük Mərkəzinin sədri professor Şükrü Halük Akalın, Qazaxıstan Xalq Assambleyasının sədr müavini professor Jajnseyt Tuymebayev, 1995-1998-ci illərdə Başqırdıstanın milli təhsil naziri professor Firdaus Xisamitdinova, Tbilisi Dövlət Universiteti Türk dili və ədəbiyyatı kafedrasının müdiri professor Marika Jikia, Serbiya Elmlər və İncəsənət Akademiyasının Serb Dili İnstitutunun İdarə heyətinin üzvü professor Marija Dindic və başqaları yer alıb və onlar Afad Qurbanovun dilçilik elminə verdiyi töhfələrdən danışıblar.
Tədbir zamanı Afad Qurbanovun fəaliyyətini əks etdirən yeddi dildə olan internet səhifəsinin nümayişi keçirildi. Bununla yanaşı, Afad Qurbanovun Ümumi dilçilik və Onomalogiyanın əsasları adlı çoxcildli monoqrafiyalarının ingilis, rus, türk, fransız dillərində nəşrlərinin təqdimatı aparıldı.

Qeyd edək ki, konfrans ümumilikdə dörd bölmədə - “Ümumi dilçilik”, “Türkoloji dilçilik”, “Onomalogiya” və “Praktik dilçilik / Azərbaycan ədəbi dili” (Müasir Azərbaycan Əlifbası) işini davam etdirib. Konfransın bağlanış mərasimində iştirakçılara sertifikatlar təqdim edilib. Afad Qurbanovun geniş fəaliyyətinə həsr olunmuş xüsusi stendlər və zəngin məhsuldarlığını əks etdirən kitabların fotokollaji ilə tanış olmaqları üçün qonaqlara şərait yaradılmışdır.
Xatırladaq ki, Afad Qurbanov 1929-cu il yanvarın 10-da Ermənistanın Kalinino rayonunun Qızıl Şəfəq kəndində ziyalı ailəsində anadan olmuşdur. O, pedaqoji fəaliyyətə 16 yaşında kənd orta məktəbində direktor və Azərbaycan dili müəllimi kimi başlamışdır. Aspirantlıqdan Azərbaycan Milli Elmlər Akademiyasının, digər beynəlxalq akademiyaların üzvlüyünə və SSRİ Elmlər Akademiyasının Sovet Türkoloqları Komitəsinin sədr müavini vəzifəsinə qədər şərəfli bir yol keçən A.Qurbanov dilçiliyin bir sıra sahələrinin əsasını qoymuş, Azərbaycan dilçiliyi, onomalogiya, ümumi dilçilik, türkoloji dilçilik, bədii mətnin linqvistik təhlilinə dair elmi məktəb yaratmışdır. 

Afad Qurbanov tanınmış təhsil təşkilatçısı kimi 1969-cu ildən Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili Nazirliyinin və Maarif Nazirliyinin Azərbaycan dili üzrə Tədris-Metodiki Şuralarının sədr müavini kimi ilk dəfə ali məktəblərdə tədris olunan dilçilik fənlərini qruplaşdırmış və onların tədrisində bir sistem yaratmağa nail olmuşdur. 

İyirminci yüzilliyin 70-80-ci illərdə rektor və Azərbaycan SSR Ali Məktəbləri Rektorlar Şurasının Rəyasət Heyətinin sədr müavini işlədiyi müddətdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin intibah dövrü, onun tamamilə yenidənqurulması, yeni kafedraların, regionda ilk hərbi fakültənin yaradılması, çoxmərtəbəli tədris binasının tikintisi, habelə sədri olduğu filologiya və pedaqogika üzrə o zaman yeganə olan respublika müdafiə şuralarının işinin keyfiyyətinin artırılması A.Qurbanovun adı ilə bağlıdır. 

1990-cı ildən Azərbaycan Parlamentinin deputatı, Azərbaycan Əlifba Komissiyasının sədri, Müasir Azərbaycan Əlifbasının müəllifi A.Qurbanovun ölkədə əlifba islahatının aparılmasında misilsiz xidmətləri olmuşdur. 
Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, 1979-2009-cu illərdə ADPU-nun Azərbaycan Dilçiliyi kafedrasına rəhbərlik etmiş professor Afad Qurbanovun çoxsaylı monoqrafiya, dərslik və dərs vəsaitləri dünya və milli dilçilik xəzinəsinin ən kamil, dəyərli incilərindəndir. Görkəmli alimin müxtəlif ideyalarla zəngin elmi irsi Azərbaycan dilçilərinin yaradıcılığının inkişafına güclü təsir göstərməkdədir.