mudafie-nazirinin-muavini-qeterde-gorusler-kecirir-yenilenib-foto

Müdafiə nazirinin müavini Qətərdə görüşlər keçirir - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qətərdə səfəri davam edir.

Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib:

Bildirilib ki, səfər çərçivəsində cənab A.Qurbanov Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd əl Attiyah ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

16:02

Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətər Silahlı Qüvvələri tərəfindən təşkil edilən 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransında (DIMDEX 2024) iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində A.Qurbanov Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüşüb.

Görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb.