Ümumi təhsil müəssisələrinin müəllimləri üçün “Onlayn dərs” müsabiqəsinə start verilib.
Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən təşkil olunan müsabiqə qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin onlayn dərslərdəki nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, qabaqcıl təcrübəni öyrənmək, fənlər üzrə ən yaxşı onlayn dərs modellərini müəyyənləşdirməkdən ibarətdir.
İki mərhələdən (məktəbdaxili və şəhər) ibarət müsabiqə ibtidai və yuxarı siniflər kateqoriyası üzrə təşkil olunacaq. Hər müəllim yalnız bir onlayn dərs modeli ilə müsabiqədə iştirak edə bilər.
Müsabiqənin məktəbdaxili mərhələsində hər təhsil müəssisəsi üzrə üç ən yaxşı onlayn dərs modeli seçilərək mk@baku.edu.gov.az elektron ünvanına göndəriləcək. 15 mart-15 aprel tarixlərində keçirilməsi planlaşdırılan müsabiqənin şəhər mərhələsində məktəblər üzrə ən yaxşı onlayn dərs modelləri seçiləcək.
Müsabiqənin qalibləri BŞTİ tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqədə fəal iştirakına görə 15 onlayn dərs tədris edən müəllimə tərifnamə təqdim olunacaq.