muellimlerin-ise-qebulu-uzre-musabiqede-daha-cox-muraciet-qeyde-alinan-fenler-aciqlanib

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə daha çox müraciət qeydə alınan fənlər açıqlanıb

"Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqənin test mərhələsi üçün Azərbaycan bölməsinə bir fənn üzrə sənəd verənlərin sayı 2000 nəfər olduğu halda, rus bölməsində bu göstərici 40 nəfər təşkil edir".

İnsider.az xəbər verir ki, bunu Təhsil Nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

O bildirib ki, bu il müəllim işləmək üçün müraciət edən namizədlərin 2300 nəfəri rus bölməsi üzrə sənəd verib: "Rus bölməsində müəllim işləmək üçün müraciət edənlərin sayı bu il də azdır".

M.Vəliyeva əlavə edib ki, ötən il müəllim işləmək üçün müraciət edən 51 min nəfərin 46 mini müsabiqəyə buraxılıb: "Bu il isə müraciət edən 54687 namizədin 48204 nəfəri imtahanda iştirak üçün təsdiq cavabı alaraq müsabiqədə iştirak hüququ qazanıb".

Nazir müavini deyib ki, müsabiqədə iştirak üçün ana dili, ingilis dili, riyaziyyat fənləri üzrə müraciətlər daha çox daxil olub: "İndiyədək 10 fənn üzrə imtahan keçirilib və Bakıda müəllim işləmək istəyənlər üçün keçid balı daha yüksəkdir. Bakı üçün keçid balı 48-dir. Amma neçə ildir elə ixtisaslar var ki, məsələn, ingilis dili fənni üzrə müəllimlər 52 balla işə qəbul oluna bilmirlər. Çünki bu ixtisas üzrə müraciət edənlər daha yüksək nəticə əldə edirlər".

M.Vəliyeva qeyd edib ki, ötən il ərzində imtahan nəticəsi əsasında təhsil sistemində 12 min nəfər daimi əsaslarla işə qəbul olunub: "Onların arasında yerdəyişmə əsasında işə qəbul edilənlər də var".

© Report