Avqustun 19-da müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
İnsider.az xəbər verir ki, bu gün Azərbaycan dili, informatika və ingilis dili müəllimi olmaq istəyən 800 namizədin müsahibə mərhələsində iştirakı gözlənilir.
Avqustun 23-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutmuş 3 728 nəfərin iştirakı nəzərdə tutulub.
Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.
Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib. Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.