Müflis elan edilmiş “Standart Insurance” sığorta şirkəti üzrə 3 min 400 zərərçəkənə kompensasiya ödənişi həyata keçirilib.
İcbari Sığorta Bürosundan verilən məlumata əsasən, qanunvericiliyə uyğun olaraq İcbari Sığorta Bürosu şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına məhkəmə qərarının qüvvəyə mindiyi gündən başlayıb.
Ötən 55 iş günü ərzində zərərçəkən fiziki və hüquqi şəxsə kompensasiya ödənişi həyata keçirilib. Ödənişlərin toplam məbləği təqribən 3 milyon 330 min manat təşkil edib.
Qeyd edək ki, İcbari Sığorta Bürosu “Standard Insurance” Sığorta Şirkəti ilə bağlanan son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə bağlı ödənişlərin həyata keçirilməsini davam etdirəcək.
Xatırladaq ki İSB-nin fəaliyyət dövründə bu ikinci haldır. 2017-2018-ci illər üzrə Alfa Sığorta şirkətinin iflası nəticəsində qurum tərəfindən təqribən 180 hadisə üzrə 311 min manat kompensasiya ödənişi həyata keçirilmişdir.