musahibede-size-verile-bilecek-20-gozlenilmez-sual

Müsahibədə sizə verilə biləcək 20 gözlənilməz sual

Müsahibə zamanı müxtəlif suallar verilə bilər. Bu, yaradıcılıq tapşırığı da ola bilər, məntiqi məsələlər həll etmək və yaxud gülməli zarafat danışmaq da. Sizi daha yaxşı tanımaq üçün işəgötürənlər sizə heç də standart olmayan suallar da verə bilərlər.

İnsider.az namizədlərə verilə biləcək qeyri-standart sualların top-20-liyini təqdim edir:

1. Ən böyük iflasınız barədə danışın.

Qabaqcadan deyək ki, sizdən nə soruşsalar belə, müdafiəçi mövqeyini tutmayın. Bu sualın məqsədi sizin özünüzü necə qiymətləndirmənizi, nə dərəcədə özünüzü tənqid edə bilməyinizi, səhvlərinizi təhlil etmək və yeni layihələrdə uğursuz təcrübənizi nəzərə almaq qabiliyyətinizin olub-olmamasını müəyyən etməkdir.

Düzgün taktika buraxdığınız səhvlər və çıxardığınız nəticələr barədə dürüst cavabdır. Ancaq çox qızışmayın – kiçik xətalar barədə danışmağı tövsiyə edirik. Hətta daha yaxşısı – düzəldə bildikləriniz barədə danışasınız.

2. Nə qədər uzun zamandır iş axtarırsınız? Sizi maraqlandıran digər təkliflər də varmı?

Bu halda rekruterə sizin hansı sahələri gözdən keçirdiyiniz, işəgötürənlərin təkliflərində nəyi qiymətləndirdiyiniz maraqlıdır.

3. Nə qədər vaxt bizdə işləməyi planlaşdırırsınız?

Bu sual işəgötürənə məqsədlərinizi və nə dərəcədə dürüst olduğunuzu anlamağa imkan verir. Əlbəttə, əvvəlcə şirkətdə işləməli olduğunuzu və kollektivin xoşunuza gəldiyini, həll etməli olduğunuz məsələlərin maraqlı olub-olmamasını anlamağınızı bildirərək, neytral cavab verə bilərsiniz.

4. Nəyə görə müəyyən müəyyən müddətdə bu qədər iş yeri dəyişmisiniz?

Rekruterə sizin peşəkar planda necə inkişaf etməyiniz və sizə hansı motivasiyanın daha yaxşı təsir etdiyi maraqlıdır.

5. Şirkətimiz daima biznes-prosesləri optimallaşdırır. Bəs xərclərin az, nəticələrin isə çox olması üçün siz öz layihənizi necə optimallaşdırmısınız?

Konkret təcrübəniz barədə danışın, əgər əvvəlki işinizdə belə bir şey olmayıbsa, adi həyatınızda hansı təkmilləşmələri etdiyinizi düşünün.

6. Kim sizin ən pis rəisiniz olub?

Müsahibə alan sizin özünüzdə neqativ saxlayıb-saxlamadığınızı, çalışdığınız şirkətin çatışmazlıqlarını müzakirə etməyə hazr olub-olmamağınızı və konstruktiv düşünüb-düşünmədiyinizi müəyyən etməyə çalışır.

7. Rəqabət aparmağı xoşlayırsınızmı? Nədə?

Burada hər şey sadədir – işəgötürən sizin nə qədər ambisiyalı və məqsədyönümlü olduğunuzu, sizdə liderlik keyfiyyətlərin olub-olmamasını anlamaq istəyir.

8. Həmkarlarınızdan kömək istəməli olmusunuzmu? Misal çəkin.

Həmkarlarınıza kömək üçün müraciət etməli olduğunuzda heç bir qorxulu şey yoxdur. Əksinə, bu rekruterə sizin komanda oyunçusu olduğunuzu göstərəcək. Lakin çox dərinə getməyin və həmkarlarınızın sizinlə birgə layihə üzərində işlədikləri yox, cüzi əmək qoyduqları misallardan danışın.

9. Nəyi hamıdan yaxşı edirsiniz?

Konkret bu halda rekruter sizin özünüzü qiymətləndirmənizi yoxlayır. Siz uğurla reallaşdırılmış layihəniz, ixtisas artımınız və ya korporativ mükafat əldə etməyiniz barədə danışa bilərsiniz.

10. “Instagram”-dakı səhifənizi göstərə bilərsiniz?

Bu sualda dərhal bir neçə ana toxunulur. İşəgötürən namizədin sosial şəbəkələrdə fəal olub-olmamasını, onun hansı maraqlarının olmasını və özünü ictimai məkanda necə təsvir etdiyini öyrənmək istəyir. Yadda saxlayın ki, gələcəkdə siz şirkətin siması olacaqsınız.

11. Milyon dollarınız olsa idi, hara xərcləyərdiniz/nə edərdiniz?

Rekruter pula ehtiyacınız olmadıqda, yerinizdə qalıb-qalmayacağınızı öyrənmək istəyir. Bu suala cavab motivasiyanız barədə təsəvvür yaradır. Həmçinin burada sizin maliyyə planları qurmaq, məsələlərin həllinə sistemli yanaşmaq bacarığınız qiymətləndirilir.

12. Hansı idman nailiyyətlərinizlə qürurlanırsınız?

Bu sualı, adətən, əməkdaşın liderlik keyfiyyətlərində maraqlı olan işəgötürənlər verirlər. Əgər siz idmanda uğur qazanırsınızsa, demək, işdə də böyük səy göstərməyə və rəqabətcil mühitə hazır olmağa qadirsiniz.

13. Ayı və qayğanağı (pişiyi və iti və sair) müqayisə edin.

Fantaziyanızı və qeyri-standart yanaşmanızı göstərin, istənilən cavab variantları məqbuldur. Qoy rekruter kreativliyinizi dəyərləndirsin!

14. Ən xoş peşəkar kompliment sizin üçün necə səslənərdi?

Cavab sizin üçün peşəkar təsdiq olunmada nəyin mühüm olduğunu göstərir.

15. Əgər işləməyə bilsəydiniz, nə ilə məşğul olardınız?

İşəgötürən məqsədlərinizin və motivasiyanızın ciddiliyini dəyərləndirmək istəyir. Peşəkar inkişaf sizin üçün vacib olduğuna görə işə davam edəcəyinizi söyləməniz məqbuldur.

16. Göyün qırmızıya nisbətdə beş üstünlüyünü səsləndirin. İndi isə əksinə!

Və yenə də sual kreativliyə köklənib. Əlavə olaraq isə bu sual durmadan cavab verərək, streslə mübarizə aparmağa hazır olub-olmadığınızı göstərir.

17. Ən son hansı kitabı oxumusunuz? Əsas mənası nədir?

Bu sual ümumi inkişafa köklənib, o, sizin peşəkar olaraq inkişafa can atmağınızı üzə çıxarır. Ümumiyyətlə, oxumağa vaxt tapırsınızmı, peşəkar ədəbiyyat oxuyursunuzmu.

18. Dostunuz/rəfiqəniz onu məyus etdiyinizi və sizin pis dost/rəfiqə olduğunuzu deyir. Nə deyərdiniz?

Bu çaşdırıcı sualla rekruter sizin neqativ situasiyalara reaksiyanızı qiymətləndirir. Neytral, hətta daha yaxşısı yumorla cavab verməyi tövsiyə edirik.

19. Sizi ən çox nə qıcıqlandırır?

Cavabınız rekruterə sizin şirkətin korporativ mədəniyyətinə uyğun gəlib-gəlmədiyinizi, məsələn, komanda oyunçusu gərəkdiyi halda, sizin təklikdə işləməyi sevdiyinizi xəbər edəcək və bundan başda, cavabınız işəgötürənə nə qədər asan qıcıqlandığınızı göstərəcək.

20. İşdə kimlə və ya nə ilə qarşılaşmaq istəməzdiniz?

Bu sual namizədin insani keyfiyyətlərini yoxlayır və sizin işə münasibətinizi nümayiş etdirir. Hamının qəbul etdiyi dəyərlərdən çıxaraq, cavab verin: yalançılıq, qeyri-peşəkarlıq, dediqodu. Həmçinin bu suala cavabınız sizin münaqişə hallarını yumşaltmağı bacarıb-bacarmadığınızı göstərir.

Biz heç də müsahibə zamanı verilən bütün sualları sadalamadıq. Bütün sualları qabaqcadan görmək olmur, hər müsahibə unikaldır. Lakin yenə də hazırlaşmaq lazımdır.

Rekruterin əsas məqsədi namizədin psixoloji portretini tərtib etmək, onun mənəvi keyfiyyətlərini, ambisiyalılığını, karyera iddialarını dəyərləndirməkdir. İstənilən sualı, sual nə qədər axmaq və qeyri-adi görünsə də, mütləq cavablandırmaq lazımdır.

Müsahibədə uğurlar!

Samirə Məmmədova