naxcivanda-yeni-marka-avtomobiller-ve-motosikletler-istehsal-olunacaq

Naxçıvanda yeni marka avtomobillər və motosikletlər - İSTEHSAL OLUNACAQ

Hazırda “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının tərkibində olan Naxçıvan Avtomobil Zavodunda 2020-ci ilin birinci yarısından yeni marka və modellərdə avtomobillər, motosikletlər istehsal olunacaq.

İnsider.az xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Zavodundan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu məqsədlə zavodda kompleks tədbirlər həyata keçirilir.

“Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının direktoru Vüqar Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin avqust ayının 25-dən sentyabrın 1-dək Çin Xalq Respublikasında işgüzar səfərdə olub. Səfər çərçivəsində Çinin Lifan İndustrial Group, FAW İndustrial Group və digər böyük avtomobil istehsalçıları ilə danışıqlar aparılıb, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi yolları müzakirə edilib.

Zavodda müxtəlif təyinatlı marka və modellərdə avtomobillərin, o cümlədən motosikletlərin istehsalı üçün ilkin mərhələdə istehsal xəttinin qurulması və nəzarət işləri xaricdən dəvət olunan mütəxəssislər tərəfindən həyata keçiriləcək. Sonrakı mərhələdə isə yerli mütəxəssislərin iştirakı təmin olunacaq. Burada əsas məqsəd daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də istehsal olunan nəqliyyat vasitələrinin digər ölkələrə ixracını təşkil etməkdən ibarətdir.

Qeyd edək ki, zavodda istehsal olunacaq nəqliyyat vasitələrinin güzəştli şərtlərlə satışı və servis xidmətləri də nəzərdə tutulub.

© FED.az