Bu vaxtadək ölkənin neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb ki, bunun da, təxminən 85 milyard dolları xarici investisiyanın payına düşür.
İnsider.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, Energetika naziri Pərviz Şahbazov ADA Universitetində keçirilən XIII Bakı Yay Enerji Məktəbində çıxış edib. Nazir “Azərbaycanın enerji siyasətinin bu günü və gələcəyi” mövzusunda məruzəsində ölkənin neft-qaz, elektroenergetika sahələri üzrə siyasətindən, qlobal enerji sektorunun yeni inkişaf meyillərinə uyğun formalaşdırılan enerji siyasəti kursundan, aparılan islahatlar prosesindən və qarşıda duran hədəflərdən bəhs edib.
Azərbaycanın neft siyasətinin formalaşması ulu öndər Heydər Əliyevin neft strategiyası ilə bağlıdır deyən nazir bu strategiyanın neft-qaz ölkəsi kimi uzunmüddətli inkişafda mühüm rolunu, həyata keçirilən qlobal enerji layihələrinin strateji əhəmiyyətini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın enerji siyasəti qarşılıqlı maraqlara əsaslanır və bu siyasət sayəsində indiyə kimi ölkəmizin neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb ki, bunun da, təxminən 85 milyard dolları xarici investisiyanın payına düşür.
P. Şahbazov qlobal enerji transformasiyası prosesinin bərpaolunan enerji və enerji səmərəliliyinin rolunu gücləndirdiyini, son illərdə dünyada enerji istehlakında elektrik enerjisinin payının artdığını söyləyib. Bərpaolunan enerjidən istifadə sahəsində və enerji səmərəliliyində əhəmiyyətli nəticələrə və elektroenergetika sektorunda bazar münasibətlərinin yaradılmasına nail olmağı ölkəmizin hazırkı və gələcək enerji siyasətinin hədəfləri kimi qeyd edib.
Nazir enerji siyasətimizin bu hədəflərinin həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin “Energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Sərəncamının əhəmiyyətini qeyd edib. Hazırda bu istiqamətdə görülən işlər, hazırlanan yeni qanunlar və ölkənin enerji sektorunun uzunmüddətli inkişaf strategiyası ilə bağlı planlar diqqətə çatdırılıb.