nazir-ohdelik-artiqlamasi-ile-yerine-yetirilib

Nazir: Öhdəlik artıqlaması ilə yerinə yetirilib

“OPEC plus” Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclası çərçivəsində Energetika naziri Pərviz Şahbazov bir sıra görüşlər keçirib.

İnsider.az xəbər verir ki, Energetika Nazirliyindən verilən məlumata görə, Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə görüşdə qlobal neft bazarının cari vəziyyəti, öhdəliklərin icra səviyyəsi, qısa və uzunmüddətli perspektivdə gözləntilər, eləcə də ikitərəfli enerji əməkdaşlığına dair məsələlər müzakirə edilib.

Xalid Əl Falih “OPEC plus” formatının ilkin təşəbbüskarlarından biri kimi Azərbaycan Prezidentinin rolunu və ölkəmizin “Əməkdaşlıq Bəyannaməsi” çərçivəsində neft bazarının tənzimlənməsi prosesində iştirakını, Nazirlərin Birgə Monitorinq Komitəsinin Bakıda keçirilmiş tədbirinin əhəmiyyətini qeyd edib. Neft bazarının mümkün inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.

Azərbaycanın dünya neft bazarında tarazlıq, qiymət sabitliyi naminə əməkdaşlığa davamlı dəstək verdiyini deyən  Energetika naziri Pərviz Şahbazov isə bildirib ki, aprel ayında  hasilatın azaldılması ilə bağlı öhdəlik artıqlaması ilə yerinə yetirilib.

İki ölkə arasında enerji sahəsinə qarşılıqlı investisiya yatırılması, biznes dairələri arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib. Bərpa olunan enerji sahəsində  Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti ilə imzalanmış əməkdaşlıq memorandum çərçivəsində görüləcək tədbirlər ətrafında müzakirələr aparılıb.

OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo ilə görüşdə də neft bazarının vəziyyəti əsas müzakirə mövzusu olub. Məhəmməd Sanusi Barkindo bazarda sabitliyin qərarlaşması üçün “OPEC plus” formatında tədbirlərin davam etdirilməsini  vacib hesab edib. 

Energetika naziri Pərviz Şahbazov “OPEC plus” ölkələri üzrə öhdəliklərin ümumi icra səviyyəsinin yüksək olmasını əməkdaşlığın uğuru  kimi qeyd edib. Azərbaycanın hasilatın azaldılması ilə bağlı əvvəlki aylarda gördüyü tədbirlərin apreldə öhdəliklərin tam  yerinə yetirilməsinə müsbət təsir etdiyini deyib. Bildirilib ki,  4 ay müddətində orta gündəlik neft  hasilatı 130% icra edilib. 

 Nazir deyib: “İyunda nazirlərin görüşündə ilin ikinci yarısı üçün qərar qəbul edərkən bütün geosiyasi və iqtisadi amilləri nəzərə almaqla ətraflı təhlillər aparmalıyıq. Bazarın balanslaşdırılması zamanı uzunmüddətli dövr üçün neftə qlobal tələbatı və bu baxımdan, neft sənayesinə investisiyanı təşviq edəcək qiymət sabitliyini də düşünməliyik.”

Söhbət zamanı “Neft İstehsal edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası” da nəzərdən keçirilib. Bildirilib ki, cari ilin iyun  ayınadək Xartiya ilə bağlı proseslərin yekunlaşdırılması planlaşdırılır.

Neft bazarının tənzimlənməsi ilə əlaqədar müzakirələr Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suheyl əl-Mazrui ilə görüşdə də davam etdirilib. Suheyl əl-Mazrui hazırda neftin qiymətinin qənaəbəxş olduğunu bildirib və  əlavə edib ki, ötən ilin sonunda  kəskin qiymət dəyişiklikləri ilə müşayiət olunan vəziyyətin təkrarlanması yolverilməzdir. 

Energetika naziri Pərviz Şahbazov  isə deyib ki,  neftin qiymətinin həm istehsalçılar, həm də istehlakçılar üçün sərfəli həddə olması və tarazlığın  təmin edilməsi məqsədilə neft bazarına  hazırda əsas dəstəyi “OPEC plus” ölkələri verə bilər.  

Söhbət zamanı geosiyasi faktorlar, şist neftin təsirləri, kommersiya neft ehtiyatları, qlobal iqtisadi artım  və neftə tələbat dinamikası nəzərdən keçirilib.

Nazir həmçinin OPEC Konfransının prezidenti, Venesuelanın neft naziri Manuel Kevedo Fernandes, Nigeriyanın neft ehtiyatları naziri Emmanuel Kaçikvu, Kuveytin  neft, elektrik və su naziri Xalid Əl-Fadhel,  Omanın neft-qaz naziri  Məhəmməd Əl-Rumhi, Əlcəzairin energetika naziri Məhəmməd Arkab və Bəhreynin neft naziri Şeyx Məhəmməd Əl-Xəlifə ilə görüşüb. Görüşlərdə  neft məsələləri ilə yanaşı, ikitərəfli enerji əməkdaşlığının müxtəlif istiqamətlərinə dair müzakirələr aparılıb.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindonun dəvəti ilə Energetika naziri Pərviz Şahbazov Səudiyyə Ərəbistanına səfər edib. Nazir 19 mayda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək OPEC və qeyri-OPEC Nazirlərinin Birgə Monitorinq Komitəsinin 14-cü iclasında iştirak edib.