“Tədris ilinin 2 həftə uzadılmasını labüd hesab edirik. Bu müddətin necə istifadə edilməsi ilə bağlı mütəmadi monitorinq keçirilir”.
İnsider.az xəbər verir ki, bu fikirləri təhsil naziri Ceyhun Bayramov İctimai Televiziyanın “Pressinq” verilişində deyib.
Nazirin sözlərinə görə, bəzi məktəblərdə bu müddət üçün nəzərdə tutulan proqram üzrə düzgün tədris təşkil edilir: “Elə hallar da mövcuddur ki, vəziyyətin müsbətə doğru dəyişməsinə ciddi ehtiyac var və bu, Təhsil Nazirliyini düşündürür. Odur ki, bu istiqamətdə də addımlar atılır. Həmin məsələdə valideyn və müəllim bizə dəstək olmalıdır. Çünki valideyn buna inanmayanda və qarşı çıxanda təbii ki, bu, şagirddə də əks reaksiya doğurur”.
C.Bayramov xatırladıb ki, əvvəl Azərbaycanda 32 həftəlik tədris ili mövcud idi: “Bu müddətin çox və ya az olmasını demək üçün digər inkişaf etmiş ölkələrlə müqayisə etməli idik. Gəldiyimiz nəticə o idi ki, həmin ölkələrdə orta hesabla dərs ili 36-38 həftədir. Azərbaycanda 32 həftə olan təqdirdə, il ərzində şagirdlər 4-6 həftə daha az oxuyurlar. Ümumilikdə isə bizdə və digər ölkələrdə gözlənti və standartlar eynidir. Beş həftəni orta müddət götürsək, bu, 11 il ərzinə 50 həftə edir. Bunu da tədris ilinin müddətinə böləndə təxminən 2 akademik il edir”.
“Dəyişiklik hesabında Təhsil Nazirliyinin məntiqi odur ki, tədris ilini 2 həftə uzatmaqla 11 il ərzində əlavə 22 həftə tədris vaxtı qazanırıq. Proqramın bəlli həcmi və ağırlığı var. Bu proqramı əlavə 22 həftəyə böləndə onu daha yaxşı mənimsəmək, bir günə düşən dərs yükü az olur. 32 həftəlik dərs ili olan zaman yay tətili 3 ay yarım idi. Tədris ilinin sonu və başlanğıcı arasında uzun müddət tədris prosesinə mənfi təsiri var. Tədris ili iki həftə uzadılandan sonra kifayət qədər uzun 3 aylıq yay tətili var. Proqramın 34 həftə üçün nəzərdə tutulması istiqamətində müvafiq tədbirlər görülüb. Yeni yazılan dərsliklər bu müddətə hesablanır. Müddəti keçməyən kitabların yeniləri ilə əvəz edilməsi üçün də müvafiq metodik göstərişlər hazırlanıb və məktəblərə çatdırılıb”- deyə təhsil naziri əlavə edib.
©“Report”