nazirlik-dovriyyesi-artan-mehsullarla-bagli-aciqlama-yaydi

Nazirlik dövriyyəsi artan məhsullarla bağlı açıqlama yaydı


Vergilər Nazirliyi tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər, bütövlükdə, fiskallaşma istiqamətində görülən işlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur. Aksizli məhsulların istehsal həcmində və aksiz məbləğində yüksək artım templəri istehsalın və dövriyyələrin şəffaflaşmasına, vergidən yayınmanın miqyasının azalmasına dəlalət edir.

İnsider.az bildirir ki, bu, Vergilər Nazirliyinin yaydığı məlumatda deyilir. 

Məlumatda qeyd edilib ki, 2019-cu ilin yanvar-may aylarında alkoqollu məhsullar və energetik içkilərin istehsalı (aksiz vergisinə cəlb olunan istehsal həcmi) ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz, aksiz məbləği 2,5 dəfə, alkoqollu içkilərin istehsalçılarının dövriyyəsi isə 1,6 dəfə artıb.

Cari ilin 5 ayında ötən ilin 5 ayı ilə müqayisədə, tütün məmulatlarının istehsalçıları üzrə tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı 18,4 faiz, aksiz məbləği 5,6 dəfə, tütün məmulatlarının istehsalçıları üzrə dövriyyə isə 3,7 dəfə artıb. Bu sektorda artımlar əsasən yeni istehsal müəssisələrinin yaranması, eyni zamanda, istehsal həcminin və dövriyyələrin şəffaflaşması şəraitində mümkün olub.

Tütün məmulatlarının istehsalçıları üzrə vergi ödəmələrinin artımına təsir edən amillərdən biri də aksiz məbləğinin artırılması ilə əlaqədardır. Bu amil nəzərə alınmadan tütün məmulatları üzrə aksiz məbləğində artım 12,5 faiz təşkil edir.