Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
Bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, relyefin mürəkkəbliyi və havanın küləkli olması əməliyyat şəraitini çətinləşdirsə də, hazırda yanğınsöndürmə işləri aparılır.
Xatırladaq ki, avqustun 28-də Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb. Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, FHN-in Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub.
Report